Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Birinci Vitse-Prezident vəzifəsinə təyinat alan Mehriban xanım Əliyeva ona göstərilən etimadı doğruldacağını bildirib.
Xalq artisti, tanınmış bəstəkar Arif Məlikov Modern.az saytına açıqlamasında Mehriban Əliyevanın vitse-prezident kimi də böyük uğurlara imza atacağına inandığını deyib:
“Ölkəmizin birinci xanımı Mehriban Əliyeva Azərbaycan xalqının ağır günlərində ehtiyacı olanlara hər zaman kömək əli uzadıb, vətəndaşların dərdinə şərik olub, əlindən gələni əsirgəməyib. O, insanlara münasibətdə humanist davranışı ilə seçilir.
Mehriban xanım xoşməramlı səfir kimi saysız-hesabsız yeniliklərə, uğrulara imza atıb.
Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq, bu vəzifənin də öhdəsindən layiqincə gələcək, ölkəmizin dünya arenasında daha çox tanıdılmasına çalışacaq”.
A.Məlikov Mehriban Əliyevanın unikal gözəlliyə malik olduğunu vurğulayıb: “Burada unikal mənzərə ortaya çıxır: həm gözəl xanım, həm gözəl insan, həm gözəl ana, həm böyüklə böyük, həm də kiçiklə kiçiklik... Mehriban Əliyeva geniş düşüncəli, uzaqgörən bir insan olaraq Allah tərəfindən Azərbaycan üçün göndərilən unikal hədiyyədir. Mən ona cansağlığı arzulayıram. Xoşbəxt olsun, nəvələrini, nəticələrini sağlam böyütsün.
Mehriban Əliyeva birinci xanım kimi dünyada öz sözünü dedi. Əminəm ki, Birinci vitse-prezident kimi də bütün dünyada nümunə olacaq işlərə imza atacaq”.
Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, Mehriban xanım istər Heydər Əliyev Fondunun rəhbəri, istərsə də milliət vəkili, birinci xanım kimi göstərdiyi fəaliyyətlə Azərbaycan xalqının böyük inamını, etimadını qazanıb:
“Köməyə ehtiyacı olan, çıxılmaz vəziyyətdə qalan insanlar ona üz tutur, yardım istəyirlər və ümidləri doğrulur. Fikrimcə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi həm ölkə rəhbərliyinin, həm də cəmiyyətin onun fəaliyyətinə, şəxsiyyət kimi nüfuzuna, humanizminə verdiyi adekvat reaksiyanın nəticəsi kimi qiymətdəndirilməlidir.
Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Məsələn, “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurub. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında” Qanun qəbul olunub. Həmin qanunun qəbul edilməsində, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində də Mehriban xanımın xüsusi dəstəyi qeyd olunmalıdır.
Ahılların, sağlamlıq imkanları məhdud insanların, uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, fiziki və mənəvi cəhətdən normal böyüməsi məqsədi ilə cəmiyyətdə bərabər imkanlarının yaradılması sahəsində Mehriban xanımım rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək” kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəlib”.
A.Sofiyeva bildirib ki, Azərbaycanın beynəlxalq imicinin formalaşması sahəsində Mehriban xanımın müstəsna rolu var: “Dünyanın müxtəlif ölkələrində Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, milli dəyərlərini, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı bütün dünyaya tanıdır. Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında böyük xidmətləri var. “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır.
Biz onun çoxtərəfli fəaliyyətinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, o bu vəzifə ən layiqli şəxsdir. Əminik ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi də öz vəzifəsinin öhdəsindən alyiqincə gələcək. Cənab Prezident İlham Əliyevlə birlikdə Azərbaycanın bundan sonra da inkişafına öz töhfəsini verəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...