Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən çıxmaq barədə qərar qəbul edib. Bu addım təşkilatın ötən gün Kolumbiyanın paytaxtı Boqotada keçirilən toplantısında Azərbaycanın “öhdəliklərini yerinə yetirmədiyi üçün” Beynəlxalq Şəffaflıq Təşəbbüsünə üzvlüyünün dayandırılmasına dair qəbul etdiyi qərara cavab olaraq atılıb. Azərbaycanı Boqota toplantısında təmsil edən Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov bununla bağlı bəyanat yayıb.
MilliYol.Az xəbər verir ki, bəyanatın mətni Dövlət Neft Fondunun saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində bir çox ilklərə imza atan ölkədir.Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub.
“İlk gündən etibarən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl edib və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olub. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıbr. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2007-ci ildə MHŞT-nin uğurlu tətbiqi nəticəsində "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb. MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə Təşəbbüsü dəstəkləmək məqsədilə Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən Qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT BA) irəli sürmüş və bu Qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilib”-bəyanatda bildirilir.
Şahmar Mövsümov əlavə edir ki, Astanadakı son toplantı zamanı MHŞT üzrə beynəlxalq İdarə Heyəti 2015-ci ildə keçirilmiş Qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT Standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlib. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən Azərbaycanın namizəd ölkə statusu saxlanılıb. Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər planını təqdim edib.
“Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər”-bəyanatda vurğulanır.
Dövlət Neft Fondunun prezidenti daha sonra bildirir ki, 2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib.
“Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcəkdir. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm. Gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram»-Şahmar Mövsümov bildirir.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov hələ 2015-ci ildə ölkənin statusunun bu qurumda namizəd səviyyəsinə endirilməsi zamanı Azərbaycanın qurumu tərk edə biləcəyi ilə bağlı ehtimalı səsləndirmişdi. O, hökumətin bu qərarla razılaşmadığını və Təşəbbüsdən çıxmaq imkanının nəzərdən keçirildiyini demişdi: «Biz Təşəbbüsdə iştirakımızı hasilat sahəsində şəffaflığın artırılması imkanı kimi nəzərdən keçirirdik. Ancaq onun mandatında müəyyən dəyişikliklər baş verdi, nəticədə MHŞT QHT-lərin maraqlarını dəstəkləyərək Azərbaycana təzyiq göstərməyə başladı».
MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2005-ci ildə qoşulub.
MilliYol.Az
Digər xəbərlər
loading...