Belçikanın paytaxtı Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası öz işini başa vurub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından MilliYol.Az-a verilən məlumata görə, quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər də keçirilib.
Seçkilərdən öncə qurumun son 4 ildəki fəaliyyəti haqqında məruzə ilə çıxış edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien şose velosipedinin elit kateqoriyasında qitə çempionatının təşkilinə başlanılmasını ən vacib addımlardan biri kimi dəyərləndirib. O, Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.
D.Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti 4 il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqətlər UEC-nin Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. 6 nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədləyi irəli sürülüb ki, onların arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Sahib Ələkbərov da var idi.
Səsvermənin nəticələrinə əsasən Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub.
Azərbaycanda son illər ərzində dövlət qayğısı hesabına velosiped idman növünün inkişafı istiqamətində atılan addımlar, nüfuzlu "Tour d`Azerbaidjan" veloyürüşünün təşkili, 2018-ci ildə ölkəmizin BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi edəcəyi, "Synergy Baku" komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralanmasında 4-cü yerdə başa vurması bu seçimdə önəmli rol oynayıb.
Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.
Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, 50 ölkəni təmsil edən 26 namizəd arasından seçilmiş 15 nəfər sırasına düşməklə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresinə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi qatılmaqla prezident və Rəhbər Komitənin səsvermə prosesində qurumu təmsil edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...