Azərbaycan Respublikasının birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva deputat mandatını təhvil verəcək. Bu barədə Mehriban Əliyeva “Rossiya 24" kanalına müsahibəsində bildirib: ”Mən artıq 12 ildən çoxdur ki, parlamentin deputatıyam. Qanunvericiliyə görə, öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir".
Qeyd edək ki, Mehriban Əliyeva Milli Məclisdə 14 saylı Xəzər ikinci seçki dairəsini təmsil edir.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Milli Məclisin üzvü deputat mandatından hər hansı səbəbə görə imtina etdikdə deputatın Mərkəzi Seçki Komissiyasına bu barədə rəsmi müraciəti olmalıdır və bundan sonra Mərkəzi Seçki Komissiyası müraciətə baxıb müvafiq qərar qəbul etməlidir. Deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir: “Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, hörmətli Mehriban xanım Əliyeva deputat mandatını təhvil verdikdən və 14 saylı dairə deputatsız qaldıqdan sonra bu dairədə yeni seçkinin nə zaman olacağını prezident sərəncamı verildikdən sonra biləcəyik. Bu günədək Mehriban xanım Əliyevanın müraciəti daxil olmadığından məsələyə təbii ki, baxılmayıb. Müraciət daxil olanda Mərkəzi Seçki Komissiyası operativ şəkildə toplanıb müvafiq münasibət bildirəcək. Çünki xüsusi araşdırma aparılmasına ehtiyac yoxdur ki, müəyyən vaxt aparsın. Deputat mandatının təhvil verilməsinin səbəbi aydındır”.
Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu o deməkdir ki, növbəti parlament seçkilərinə üç ildən artıq müddət qalıb.
Xatırladaq ki, 14 saylı Xəzər seçki dairəsindən tanınmış müxalifətçilərdən ADP sədrinin birinci müavini Həsrət Rüstəmov 2005-ci ildə keçirilən parlament seçkilərində namizəd olub. Sözügedən dairədə yeni seçkilər keçiriləcəyi halda şansını ikinci dəfə sınayıb-sınamayacağını Həsrət Rüstəmovdan xəbər aldıq. Həsrət Rüstəmov “Yeni Müsavat”a bildirdi ki, 14-cü dairənin ərazisində işləyib və orada çoxlu sayda seçiciləri, dostları, qohumları yaşayır. Lakin həmin dairədə yeni seçkilər keçiriləcəyi halda namizədliyini irəli sürməyi düşünmür: “Həmin dairədə həm partiyamızın, həm də şəxsən özümün elektoratımız var. Əvvəla, hələ ki dairənin deputatı mandatdan rəsmi imtina etməyib və orada yeni seçkilər təyin edilməyib. İkincisi, mən 2005-ci ildən bir neçə seçkidə şəxsən iştirak etmişəm, ölkədə seçkilərin ədalətli keçirilmədiyinin şahidi olmuşam. Bu vəziyyət yenidən seçkidə iştirak etmək qərarını verməyə imkan vermir. Seçkilər olacağı halda ədalətli keçiriləcəyinə inamım yoxdur. Ona görə də vaxtilə namizəd olduğum və seçki kampaniyası apardığım dairədə yeni seçkilərdə iştirak etməyi düşünmürəm. 2005-ci il parlament seçkilərində mən ADP, Müsavat və AXCP-nin yaratdığı ”Azadlıq" seçki blokunun 14 saylı dairədən vahid namizədi idim. Məlumdur ki, o dövrdə “Azadlıq” bloku çox güclü müxalifət bloku idi. Məndən başqa 14 namizəd də var idi. Deputatlığa namizədlərin qeydiyyatının başa çatmasına 3-4 gün qalanda Yeni Azərbaycan Partiyasından Mehriban Əliyevanın namizədliyi həmin dairədən irəli sürüldü. Bu zaman namizədlərin 12 nəfəri namizədliyini geri götürdü. Seçkidə sona qədər mən, Mehriban Əliyeva və daha iki nəfər iştirak etdik. MSK-nın son nəticələrində mənə 2000-ə yaxın səs yazmışdılar".
MilliYol.Az
Digər xəbərlər
loading...