“Ötən ilin may ayında “Beynəlxalq Bank işi”nə görə həbs edilən oliqarxlardan bəzilərinə yeni ittihamlar irəli sürülüb. Buna səbəb onların ilkin istintaq müddətində həbsdə saxlanılmaları üçün müəyyən edilmiş vaxt limitinin bitməsidir. İrəli sürülən ittihamlara görə, onların həbs müddəti uzadılıb”.
Bunu anspress-ə açıqlamasında həbsdə olan Elxan Cavad, Ratmir Bəkirov, “qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib.
Onun sözlərinə görə, yeni ittihamlar 7-8 nəfərə qarşı irəli sürülüb: “Bildiyimə görə, yeni ittiham irəli sürülənlər arasında “Qlobus Plaza”nın sahibi Dünyamin Xəlilov, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də var. "AzMeCo" şirkətinin Direktorlar Şurasının Sədri Nizami Piriyev, “Avesta" konserninin rəhbəri İbrahim Nehrəmli azadlıqda olsalar da, onlara qarşı da əlavə ittihamlar irəli sürülüb”.
Vəkil istintaq və həbs müddəti sona çatdığı üçün azadlığa çıxması ehtimal edilən şəxslərdən bəzilərinin adlarını açıqlayıb. Onun sözlərinə görə, ümumiyyətlə, bu məsələyə görə saxlanılanların sayı 20 nəfərdən çoxdur. Məhkəmənin 15-17 nəfəri azadlığa buraxacağı ehtimal edilir.
"Azadlığa buraxılması ehtimal edilənlər arasında Elxan Cavad, Ratmir Bəkirov (“Citi Devoloper” MMC-nin direktoru), “qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov və başqaları var. Ancaq hər halda son sözü məhkəmə deyəcək”.
Vəkil qeyd edib ki, məhkəmə iclasının iyun ayının 2-də keçirilməsi planlaşdırılıb.
İstintaq müddətində həbsdə saxlanılması üçün müəyyən edilmiş vaxt limitinin bitdikdən sonra iş ya məhkəməyə göndərilməli, ya əlavə ittihamlar irəli sürülüb istintaq müddəti uzadılmalıdır.
İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.
Ötən ilin may ayında Azərbaycanda bir neçə iş adamı həbs edilib. Tutulan biznesmenlər arasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı.
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev də ötən ilin dekabrında həbs edilib. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılıb.
Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edirdi.
Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilmiş və onların haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Biznesmenlərdən bəzilərinin həbs müddəti bitdiyi üçün sonradan onların bir neçəsinin dustaqlıq müddəti uzadılmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...