"Ermənilər cəbhədə vəziyyəti belə gərginləşdirməkdə davam etsələr, bu onlara çox baha başa gələcək. Ən əsası odur ki, ermənilər çoxlu itkilər verəcəklər. Bu itkilər həm canlı qüvvədə, həm də silah və texnikada olacaq. Hətta mənə belə gəlir ki, Azərbaycan ordusu yenə də işğal altındakı torpaqların bir hissəsini də azad edərək irəli gedəcək və müdafiə xəttini nisbətən bərabərləşdirəcək. Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, onların atdığı hər hansı atəş cavabsız qalmayacaq, cavab zərbəsi onlar üçün sarsıdıcı olacaq".
Bunu milli.az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında cəbhədə, qoşunların təmas xəttində vəziyyəti süni şəkildə gərginləşdirməsini şərh edərkən deyib.
Hərbi ekspert hesab edir, Ermənistan təxribatlar törətməklə güc nümayiş etdirmək istəyir: "Bununla bağlı general Vasyak öz şərhində hər şeyi gözəl izah etmişdi. Fikrimcə, ermənilər Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində güc tətbiq etməklə nümayiş etdirmək istəyirlər ki, baxın, biz belə güclüyük və yenə də belə edə bilərik. Təbii ki, onlar təxribatın ustasıdırlar. Onlar belə işlərlə uzun müddətdir "parlaq şəkildə" məşğul olurlar.
Düzdür, şəhidlərimiz olub, amma ermənilər də cavabını alıblar. Bizim həlak olmuş hər bir insanımıza qarşı onların ən azından 2-3 nəfəri məhv edilir. Yəni onların itkiləri də kifayət qədərdir, sadəcə, onlar bunu gizlətməyi bacarırlar".
Polkovnikin fikrincə, ən azından yaxın 2 ay ərzində cəbhədə vəziyyət daha da gərginləşə, ermənilər ötən il itirdiklərinin əvəzini çıxmaq üçün hücuma keçə bilərlər: "Hadisələrin nə dərəcədə təkrarlanacağını və bunu necə edəcəklərini bilmirəm. Amma Ermənistandakı daxili vəziyyəti nəzərə almaq lazımdır. Mənə belə gəlir ki, cəbhədə belə təxribatlar mütəmadi və kifayət qədər çox törədiləcək. Ermənistanda rəhbərlikdə olanlar xalqın fikrini daxili problemlərdən yayındırmaq üçün belə məsələlərdən istifadə etməyə çalışacaqlar. Nəzərə alsaq ki, apreldə Ermənistanda parlament seçkiləri olacaq, deməli, qarşıdakı iki ayda - martda və apreldə cəbhədə vəziyyət gərgin olaraq qalacaq.
Hətta düşünürəm ki, onlar ötən ilin aprel əməliyyatlarına görə revanş götürmək, itirdiklərinin əvəzini çıxmaq istəyəcəklər. Biz bilməliyik ki, ermənilər buna çalışırlar və hərtərəfli hazır olmalıyıq. Fikrimcə, bizim buna qarşı durmağa gücümüz var. Bizim Silahlı Qüvvələrimizin gücü çox yüksək səviyyədədir. Ermənilərə cavabımız həm də dünya ictimaiyyətinin buna reaksiyasından da asılı olacaq. Avropa Parlamentində, Avropa İttifaqında, NATO-nun baş katibi deyirlər ki, atəşi dayandırmaq, məsələni sülh yolu ilə həll etmək və s. və i.a. etmək lazımdır. Amma bunun reallıqda tətbiq edilməsinin necə mümkün olacağını bilmirəm. Bax məsələ bundadır. Mənə belə gəlir ki, biz Ermənistan tərəfdən aktiv hərbi əməliyyatların başlanacağına qarşı tam hazırlıq görməliyik".
MilliYol.Az
Digər xəbərlər
loading...