Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsindən bir həftə keçməsinə baxmayaraq, məsələ hələ də Rusiya mətbuatının diqqətindən düşmür.
İstiPress-in məlumatına görə, məsələyə diqqət yetirən “Lenta.ru” saytı Azərbaycanın ilk birinci vitse-prezident vəzifəsinə niyə məhz Mehriban Əliyevanın təyin edilməsinin sirrini açmağa çalışıb.
“Azərbaycan prezidentinin xanımının yeni vəzifəsi de-yuro olaraq onun respublika elitası sitemindəki faktiki statusunu möhkəmləndirib: Mehriban Əliyeva elə bunsuz da Azərbaycanın nüfuzlu Paşayevlər ailəsində dünyaya gəlib”,- deyə məqalədə vurğulanır.
Daha sonra məqalədə Paşayevlər ailəsinin Azərbaycan elitasında tutduğu mövqe şərh edilib:
“Prezidentin xanımının babası - Azərbaycan ədəbiyyatının klassiki, filologiya professoru, orden laureatı Mir Cəlal XX əsrin əvvəllərində İranda anadan olub. Mehriban xanımın atası Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur, sovet dövründə uzun müddət respublika Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriyaya rəhbərlik edib. Birinci xanımın əmisi Hafiz Paşayev ölkənin xarici işlər nazirinin müavini və Diplomatiya Akademiyasının rektorudur. Ailəsinin ənənəsinə uyğun olaraq o, SSRİ-nin intellektual elitasına daxil olub: Bakıda fizika fakültəsini bitirib, Kurçatov İnstitutunda aspiraturada oxuyub, Kaliforniya universitetində staj keçib, 1993-2006-cı illərdə Vaşinqtonda səfir işləyib”.
Məqalədə rusiyalı politoloq, Rusiya prezidenti yanında Rusiya Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Artur Atayevin bu barədə fikirlərinə də yer verilib. Atayev 1969-cu ildən Azərbaycan siyasətinin aparıcı qüvvəsinə çevrilmiş Əliyev ailəsi ilə Paşayevlər ailəsinin qohum olması barədə fikirlərə də səsləndirib:
“İlhamla Mehribanın nikahı iki ailənin sadə birləşməsi deyil, əslində kosmpolit ziyalılarla peşəkar siyasətçilərin ittifaqıdır. Bu, Azərbaycana həm ölkə daxilində, həm də xaricdə möhkəm əlaqələrə malik olan keyfiyyətcə yeni elita bəxş etdi”.
Məqalədə Mehriban Əliyevanın Azərbaycanın rəhbərliyinə gətirilməsinin mərhum Heydər Əliyevin istəyi olduğuna işarə edilib:
“Təcrübəli siyasətçi Heydər Əliyev 1983-cü ildə Mehriban Paşayeva ilə oğlunun nikahına xeyir-dua verərkən ehtimal etmişdimi ki, onun gəlini dövlətin ikinci adamı olacaq? Nəzərə alsaq ki, SSRİ Nazirlər Sovetinin keçmiş sədr müavini siyasi addımları on illərlə öncədən hesablaya bilirdi, bu, tamamilə mümkündür”.
MilliYol.Az
Digər xəbərlər
loading...