Lənkəran iki məmurun əlində girinc qalıb; icra başçısı və birinci müavinin 4 ildə gördüyü işlərin sensasion araşdırması
Lənkəran iki məmurun əlində girinc qalıb. İcra başçısı Taleh Qaraşov və müavini İlqar Dadaşov tandemi cənub bölgəsinin mirvarisi ola bu şəhəri alt-üst edib. Taleyinə büdcə dağıdan məmurlar yazılmış Lənkəran indi də Taleh Qaraşov komandasının zülmü altında inildəyir.
Dadaşov nə üstə “baş sındırır”?
“Gündəm-xəbər”in araşdırma qrupunun məlumatına görə, ondan əvvəl Süleyman Mikayılovun viran qoyduğu bölgədə Qaraşovun müəyyən qədər işlər görəcəyinə ümid vardı. Amma icra başçısı 2012-ci ildən bəri 4 ildə bir cənub şəhərini elə günə qoydu ki, Mikayılovun sanki yolunu davam etdi.Onun bu fəaliyyəti təkbaşına olmadı. Belə ki, İlqar Dadaşov da öz doğma şəhərində talançılıq siyasətində imtina edə bilmədi. Lənkərana yolu düşənlər şahidi ola bilər ki, icra hakimiyyəti tərəfindən heç bir iş görülməyib. Yalnız mərkəzdə görülən suvaq-boyaq işləri, daş-divarın bəzədilməsi icra olunub. Adi bir misal- Lənkəranın yolları hələ də bərbad vəziyyətdən xilas olmayıb. Təkcə mərkəzi bazara baş çəkmək kifayət edir ki, Lənkəran haqda təəssurat yaransın. Nə də olmasa İ.Dadaşovun bu istiqamətdən hər gün yolu düşməmiş olmaz. Amma öz rayonuna laqeyd qalan bu məmur yalnız dövlət vəsaitlərini necə çırpışdırmaq, təhsil, səhiyyə ocaqlarını talamaq, pul yığdırmaq barədə “baş sındırır”.Və istəyinə də nail olur. Qaraşovun xeyir-duası ilə Lənkəranda meydan sulayan Dadaşov özünü gözgörünməz məmur kimi təqdim etməyə də müvəffəq olub. Ancaq rayon sakinləri onun əməllərinə yaxından bələddir. Dadaşovun təlimatları ilə yaxından tanış olanlar daha çox iş adamlarıdır. Rayonda sahibkarlardan pul yığılmasında Dadaşovun komandası iştirak etdiyi deyilir. Qaraşov isə Dadaşova bu müstəsna səlahiyyətləri verib.
Hesablama Palatasının sənədi kimdədir?
Veriən məlumatda deyilir ki, əslində, bir müddət əvvələ qədər Qaraşov-Dadaşov cütlüyü yola getmirdi. Hər iki tərəf bir-birinin paxırını açmaq, maxinasiya işlərini ifşa eləməklə təhdid edirmiş. Hətta Dadaşov daha da irəli gedərək icra başçısını oğlu Seymur Qaraşovun Gənclər Mərkəzinə necə təyin etməsi, oğlunun metlax biznesi və rayonda obyektlərə nəzarət etməsini mərkəzi dairələrə çatdırmaqla təşvişə salıb.İcra başçısı isə onun hansı işlərə qol qoyduğu lazımi ünvanlara çatdıracağını bildirib. Amma tərəflərin gərginləşən münasibətləri tədricən səngiyib və onlar dil tapa bilib. Hesablama Palatasının Lənkəran şəhər İcra Hakimiyyətində vəsaitlərin xərclənməsi və s. məsələlərlə bağlı apardığı yoxlamanın real nəticəsi ilə bağlı yekun və əsas düzəliş edilməyən sənəd də İ.Dadaşovdadır. Xatırladaq ki, ölkə başçısı Lənkərana səfəri zamanı bir sıra obyektlərin açılışında da iştirak etmişdi. Həmin vaxt Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun şəhər əhalisinin fasiləsiz içməli su ilə təmin olunması ilə bağlı məruzəsi də olmuşdu. Lakin şəhərin içməli su ilə təmin olunması üçün nəzərdə tutulan xəttlərin köhnə borular vasitəsilə çəkilməsi cəmi bir neçə gündən sonra icra başçısının söylədiklərində həqiqət payının az olduğunu göstərmişdi.Belə ki, köhnə su boruları təzyiqə davam gətirmədiyi üçün həmən sıradan çıxdı. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış pulların isə hansı məqsədlərə sərf olunduğunu T.Qaraşovun müavini İ.Dadaşov da daha yaxşı bilir və hələ ki, özünün söylədiyi kimi susmağa üstünlük verir. Ölkə başçısının Lənkərana gəlişindən bir gün əvvəl Sütəmurdov kəndi yaxınlığında baş vermiş problem səbəbindən su bütün şəhərin küçələrini basmışdı.
Kanalizasiya korrupsiyasının detalları
Lənkəranda kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib. Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini tapmayıb. Halbuki, rayon rəhbərliyi bir vaxtlar şəhər sakinlərinin bərbad kanalizasiya sistemindən şikayətçi olduqlarını, mərkəzi küçələrdə səngər kimi qazılan, əsl müharibə şəhərlərinə bənzəyən istehkamların tezliklə aradan qaldırılacağını dilə gətirirdi, rahatsız olmağa əsas yoxdur, yeni su və kanalizasiya sistemi 2014-də hazır olacaq, deyirdi. Bəs nə oldu?
Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Lənkəran şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub. Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib. Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər yarımçıq qalıb. Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan xəndəklər torpaqlansın. Nəticədə bu layihə icra olunmayıb, prezidentin ayırdığı vəsait mənimsənilib, yollar bərbad günə düşüb. Bu cür analoqsuz məntiq yalnız Azərbaycan məmurunun ağlına gələ bilər. Qeyd edək ki, Masallı bu layihə həyata keçirilib.
11 milyonluq yeyinti
Onu da deyək ki, canı boğaza yığılan obyekt sahibləri prezidentin son bəyanatlarından sonra azca nəfəs ala bilib. Başçının birinci müavini anlayıb ki, vəziyyəti gərginləşdirmək fəlakətlə nəticələnə bilər. Lənkəran tarixən üsyankar bölgələrdən olub. Odur ki, Quba və İsmayıllı hadisələrinin təkrarlanmasını ağlına belə gətirmək istəməyib. Amma onun əsas məntəqələrindən biri rayon mərkəzi xəstəxanasıdır.Belə ki, Lənkəran mərkəzi rayon xəstəxanasının baş həkimi yalan danışıb. Xəstəxananın kosmetik təmir olunmuş binası ölkə başçısına yenidənqurma kimi təqdim olunub. 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılsa da, 11 milyonun xəstəxananın hansı əsaslı təmirinə sərf olunduğu açıq sual qalır.Baş həkim Ağabala Kəlbəliyevin bu işi ört-basdır edə bilməsində rayon icra başçısının müavini İlqar Dadaşovun xüsusi dəstəyi olub. Başçı müavini ilə baş həkimin birgə 11 milyonluq maxinasiyasının həyata keçirilməsindən rayon rəhbəri Taleh Qaraşovun da xəbəri olub. Amma bu günə kimi tibb ocağındakı maxinasiya barəsində heç kim sorğu-sual edilməyib. Təxminən 1 ay əvvəl Hesablama Palatası audit tədbirləri həyata keçirib. İşlərində nöqsanlara yol verən 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib. Baş mühasibə, böyük mühasibə və 1 əməkdaşa töhmət verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminə və Mərkəzi Baş Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib.
Baş həkimlə başçı müavini şərikdir?
Bildirilir ki, hazırda rayon uşaq xəstəxanası da bu binaya köçürülüb. Köhnə bina isə deputat Hadı Rəcəbli tərəfindən alınaraq restorana çevrilib. Lənkəran Rayon Mərkəzi Xəstəxansanın baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində müalicə alan xəstələrə gen-bol yeyib-içmək verib. Təkcə ötən il “Kaspiya-12” MMC-dən alınan kələm, turp, vəzəri, pamidor, xiyar və sairə məhsullara 33 min manat pul xərclənib. Qeyd olunan məhsullar bazar qiyməti ilə alınarsa, onların ümumilikdə kütləsi 40 tondan çox edir və daşınması üçün yük vaqonu tələb olunur. Bu kütləni il boyu buralarda yatan xəstələrin adam başına böləndə, belə çıxır ki, xəstələr burdan hətta evlərinə də meyvə-tərəvəz yolayıblar. Hərçənd heçə kəsə sirr deyil ki, əksər dövlət xəstəxansında müalicə alan insanlara yaxınları ev yeməkləri gətirir.RMX-nin “Lənkəran Tədarük Firması” MMC-dən aldığı ət məhsuluna görə ödədiyi 46 min manat ilk baxışdan kiçik görünsə də, əslində təəccüblüdür. Çünki bu pula 7 tona yaxın ət alamaq olar ki, bu da orta hesabla bir aya 600 kq edir. Təqribi hesablamalardan görünən odur ki, baş həkim ay ərzində xəstəxana həyətində həftədə 150 kq-lıq 4 öküz kəsdirib xəstələrə paylayırmış.
Meyvə-tərəvəz və ətlə müqayisədə baha olmayan və az miqdarda istifadə edilən digər ərzaq məhsulları: düz, yağ, sarıkök, verməşil və s. üçün 41 min manat xərclənməsi də (“Le-mos km” MMC-dən alınıb) şübhəlidir.“Lənkəran Çörək” ATSC-dən lllik çörəyin alınmasına sərf edilən 16 min manat bizi azacıq düşünməyə məcbur edir. Bu pula biri 30 qəpikdən 53 333 ədəd zavod çörəyi almaq olar ki, bu da aya 4444, günə isə 146 ədəd edir. 140 ədəd çörək ən azı 250 nəfərin günlük normasıdır. Burada diqqət çəkən maraqlı məqam adam başına düşən çörəklə yemək payında olan uyğunsuzluqdur.Yəni anlaşılan budur ki, xəstəxanada yatan xəstələrin yarısından çoxu gen-bol ət yeyib, qalanı isə sadəcə quru çörək. Sonda onu da qeyd edək ki, baş həkimin qanunları belə kobud şəkildə pozmasının və heç bir cəza almamasının səbəbini isə icra başçısının müavini İlqar Dadaşovla əlaqələndirirlər. Bütün bu səslənən iddialar və ittihamlarla bağlı hörmətli icra başçısının və müavinin, eləcə də RİH-nin mətbuat xidmətinin mövqeyini dərc etməyə də hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...