Kiyevin mərkəzində “Maydan inqilabı”nın, Ukraynanın sabiq prezident Viktor Yanukoviçin ölkədən qaçmasının üçüncü ildönümünə həsr edilmiş marş başlayıb. Aksiyalara “Azadlıq” Partiyası, “Milli Korpus” və “Sağ sektor” nümayəndələri qatılıb. Sözügedən təşkilatların 10 nümayəndəsi hakimiyyətə ultimatum verməyi planlaşdırırlar. Təşkilatçılar isə iddia edirlər ki, aksiyaya 20 min insan toplaşıb. Marş iştirakçıları Prezident Administrasiyasının yanında dayanaraq orada konfet şəklində simvolik müraciət qoyublar. Sütun daha sonra Ali Radaya doğru hərəkət edib.
“Azadlıq” Partiyasının sədr müavini Andrey İlenko parlamentdəki brifinq zamanı bildirib ki, Ali Radanın qarşısında parlament, hökumət və prezidentə tələblərin irəli sürüləcəyi mitinq keçiriləcək. Ukraynanın baş prokuroru Yuri Lusenko bunu “Rusiyanın Ukrayna dövlətinə hücumu” adlandırıb. Lusenkonun sözlərinə görə Moskva Ukrayna haqqında “ölkənin siyasi həyatına nəzarət etməyi bacarmayan dövlət” təəssüratı yaratmağa çalışır. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasiliy Qritsakın məlumatına görə isə Rusiya xüsusi xidmət orqanları vəziyyəti pozmaq və Ukraynada etiraz fəallığını yüksəltmək cəhdlərini dayandırmır.
Ənənəvi Ukrayna demokratiyası, yoxsa növbəti inqilabın ayaq səsləri?
Ukrayna KİV-ləri davam edən aksiyalar haqqında sensassion iddialara çıxış edib. Ukraynalı mənbələrin ehtimallarına görə Rusiya Ukraynada dövlət çevrilişinə start verib. Rusiya kəşfiyyatı və xüsusi xidmət orqanlarının II Maydan inqilabı üçün hazırladığı planın icrasına start verdiyini bildirən mənbələr, Kremlə bu planda müxalifət və hakimiyyət daxilində təmsil olunan bir sıra siyasi fiqurların dəstək verdiyini deyirlər. Ehtimallara görə Rusiya keçmiş baş nazir “Baktivişina” Partiyasının lideri Yuliya Timoşenkonu əsas fiqur kimi qabağa çıxarmağa çalışır. Aksiyaların yaxın vaxtlarda geniş miqyas alacağı bu baxımdan istisna edilmir.
Hələ bir müddət əvvəl “Sağ sektor” bəyanat yayaraq, Ukrayna prezidenti Pyotr Poroşenkonu devirəcəyi ilə təhdid etmişdi. Poroşenkonu “düşmən” elan edən sektorun lideri Dmitri Yaroş Ukraynada yeni inqilab erasının başladığını demişdi. Yaroş bu prosesin yeni siyasi qüvvələrin iqtidarı ələ keçirməsinədək davam edəcəyini bildirmişdi. Kiyevdə başlamış etiraz aksiyalarının mərkəzində bu sektorun yer alması o ehtimalı yaradır ki, Kremlin baş ideoloqları sağçıların bu bəyanatından yararlanmağa çalışacaq. Artıq Kremlin “Sağ sektor”la əlaqə qurmağa çalışdığı da iddialar arasındadır. Hesab oluna bilər ki, digər siyasi qüvvələrlə müqayisədə daha radikal və yeganə silahl güc olan “Sağ sektor” prosesləri qızışdıra və məcrasından çıxara bilər. Rusiyanın da bu fürsətdən yararlanaraq, Yuliya Timoşenko və “Radikal” Partiyası kimi siyasi güclərlə hadisələrin mərkəzində yer almağa çalışacağı gözlənilir. Ukraynalı analitiklər Poroşenko hökumətinin Donbasdakı son ağır məğlubiyyətinin bu komandaya baha başa gələcəyini və bunun Kiyevdə siyasi təlatüm yaradacağını demişdilər. Kremllə Poroşenkoya müharibə elan etmiş “Sağ sektor”la birləşdirən əsas məsələ, hər iki tərəfin indiki prezidentlə olan düşmən münasibətləridir. Rusiya məhz bu fürsətdən yararlanmağa çalışa bilər.
“Ukrayna Trampı maraqlandırmır”
Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə Rusiyanın iştirakıyla Ukraynada növbəti dövlət çevrilişinin olacağı ehtimalını istisna etməyib. C.Nuriyevin sözlərinə görə, bu ölkədə baş verən proseslər sürətlə kəskinləşir: “Rusiyanın xarici siyasətində aqressivlik artıb. Rusiya qisas alan bir dövlətdir. Rusiyanı sanksiyalar qarşısında qoyan bir güc kimi Ukraynanın hazırkı hakimiyyəti Kreml üçün arzuolunmazdır. Ukrayna da hazırda Azərbaycanın 1990-cı illərdə buraxdığı səhvləri təkrarlayır. Xalqın Poroşenkonun puluna aldanıb onu prezident seçməsi ən böyük səhv idi. Ukrayna çökmək üzrədir. Poroşenko Ukraynaya uğur gətirmədi, bu ölkə bundan sonra Krım və Donbası (Luqansk və Donetsk) itirdi. Artıq Rusiya Donbasda yaradılmış separatçı respublikaların pasportlarını da tanıyır. Yəni, Ukraynada başlayan proseslər 2004-cü il hadisələrinin ən ağır və ən dəhşətli formasıdır. Poroşenkonun əleyhinə işləyən bir faktor da var ki, ABŞ prezidenti Donald Tramp üçün Ukrayna o qədər maraqlı deyil. Çünki ABŞ-ın özünün kifayət qədər problemləri var. Tramp həmçinin başa düşür ki, ABŞ artıq öz hegemonluq iddiasını ortaya qoya bilməyəcək. Həm də Donald Tramp biznesmendir, buna görə ABŞ-ın bir sıra maraqlarını öz maraqlarına qurban verəcək, elə Ukraynanı da”.
“Proseslər Xarkova keçə bilər”
Ukraynanın Rusiya qarşısında təkləndiyini deyən politoloqun sözlərinə görə ən qorxulu hal budur ki, proseslər Xarkov və Dnepropetrovska keçəcək: “Çünki bu bölgələrdə yaşayan rusların sayı kifayət qədər çoxdur. Ukraynada uzaqgörən siyasətçilərin olmaması da vəziyyəti çətinləşdirir. Həmçinin, bu ölkənin ən böyük problemlərindən biri də budur ki, Arsen Avakov burada daxili işlər naziridir. Bu qeyri-peşəkar hakimiyyət dövləti idarə edə bilməz. Buna görə də Ukraynanın çökmək ehtimalı hazırda çox yüksəkdir. Ukrayna yenidən xaosa sürüklənir. Digər yandan millətçilik ab-havasının yüksək olması və Ukrayna - Polşa münasibətlərindəki gərginlik də Rusiyanın lehinə işləyir”.
MilliYol.Az
Digər xəbərlər
loading...