Cüdo və sambo üzrə 11 qat Dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova yenicag.az saytına müsahibə verib. MilliYol.Az xəbər verir ki, xanım idmançı müsahibəsində təqaüdünü ala bilməməsindən danışıb:
– Zülfiyyə xanım, son zamanlar görünmürsüz. İdmançı karyeranızı bitirmisiz?
– Xeyr, idmanı davam etdirirəm. Hər il ustalar arasında güləşirəm. Vətənə hər dəfə gah Dünya, gah da Avropa çempionu kimi qayıdıram…
– Sizi bu yaxınlarda hansı yarış gözləyir?
– Yayda ustalar arasında Yunanıstanda Avropa çempionatı, ilin sonunda isə İtaliyada Dünya çempionatı olacaq. Mən də hər iki yarışa qatılmağı düşünürəm.
– Hazırda qadınlardan ibarət milli komandada məşqçi kimi də çalışırsız?
– Məşqçi yox, kurator kimi fəaliyyət göstərirəm. Baş məşqçilərlə birlikdə işləyirik. Məşqlərin gedişatını izləyirik. Şükürlər olsun ki, komandanı çalışdıranlar da dəyişib. Cüdoya indi normal məşqçilər gəlib. Hətta qadınların millisində də dəyişikliklər oldu. Yəni artıq qadın idmançılarımızdan da uğurlu nəticələr gözləməyə dəyər.
– Qadınlardan ibarət milli komandanın tərkibindən sizi təkrarlaya biləcək növbəti cüdoçunun çıxacağına inanırsız?
– İstəsələr niyə də çıxmasın?! Əsas odur ki, idmançı gərək bunu ürəkdən istəsin və əzmkar olsun. Zülfiyyə bu yeri ömrünün axırına qədər tutmayacaq. İnşallah, Zülfiyyələr çox olacaq.
– Sizin təqaüd məsələnizə qayıtmaq istərdim. Azad Rəhimovla problemi hələ həll edə bilməmisiniz?
– Təqaüd məsələmi hələ də həll etməyiblər. Olduğu kimi qalıb.
– Bununla bağlı yenidən harasa müraciət etmisiz, ya da etməyi düşünürsüz ?
– Kimə müraciət etməliyəm? Müraciət olundu, cavabını da özünüz gördüz. Mən artıq nə edə bilərəm? İndi siz jurnalistlər də bu barədə hərəkətə keçsəniz yaxşı olar. Bildiyiniz kimi mən cüdodan hərbçilərin Olimpiya çempionuyam. Bu nəticəni də Azərbaycanda ilk dəfə göstərən mən olmuşam. 1995-ci ildə Hərbçilərin Olimpiadasında qalib olduğum zaman erməni ordusunun generalı himnimizin sədaları altında birinci yerdə dalğalanan bayrağıma məcburiyyət qarşısında qalıb fərəqət komandasıyla baxmalı olmuşdu. Uzaq tarix deyil. Heç olmasa tarixi araşdırıb baxsınlar ki, kim hərbçilərin Olimpiya çempionu olub.
– Azad Rəhimovu teledebata dəvət etmişdiniz. Bununla bağlı sizə cavab gəlməyib?
– Mən Allahdan başqa heç kimdən çəkinmirəm. Üzbəüz hər bir insanla işimlə bağlı danışmağa hazıram. Buna həm savadım, həm dünyagörüşüm izin verir. Mən hər kəslə oturub, öz sahəm üzrə müzakirə aparmağa hazıram.
– Siz bu gün Azad Rəhimovun nazir kimi fəaliyyətindən razısız?
– Mən sözü üzə deyirəm. Kiminsə arxasınca danışmağı sevmirəm. Mən bəzi idmançılar kimi deyiləm ki, arxada danışım, qarşılaşanda üzünə gülüm. Mən Azad Rəhimovla üzbəüz gələndə ona sözümü deyirəm. Onu da ora qoyan ölkə başçısıdır. Lazım olanda çıxardacaq, lazım olanda saxlayacaq. Azad Rəhimov gəlib mənim yerimə güləşmir ki… Ümumiyyətlə, cüdomu, güləşimi nəinki nazir, heç kəs mənim əlimdən ala bilməz. Təki hər kəs öz işini normal görsün. Mən hər işimi Allaha həvalə etmişəm: qədərimdə nə yazıbsa, o da olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...