ABŞ-da Demokratlar partiyasının nümayəndələri prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün plan işləyib hazırlayıblar
Virtualaz.org xəbər verir ki, “Rossia Today” demokratların Floridada investorlarla görüşdə açıqladıqları həmin planının detallarını təqdim edib. Demokratların nümayəndəsi Devid Brok tərəfindən hazırlanmış plana əsasən Trampı 2020-ci ilə qədər impiçment proseduru ilə hakimiyyətdən kənarlaşdırmaq nəzərdə tutulur.
Planının əsas bəndlərindən biri Trampın hakimiyyətdə yol verdiyi bütün səhvlərin tənqid olunmasıdır. Bu məqsədlə demokratlar xüsusi komanda yaradacaqlar və prezidentin başqa ölkələrin liderləri ilə münasibətlərini “mikroskopla” izləyəcəklər, habelə administrasiyanın hər addımını güdəcəklər.
Demokratların qarşısında duran əsas vəzifə Trampı dəstəkləyən mühafizəkar medianın yaydığı dezinformasiyaya qarşı mübarizə aparmaq, bu məqsədlə Facebook-la əməkdaşlıq etməkdir. “Biz bunu əvvəlcədən planlaşdırmamışdıq, ancaq məcburuq ki, onu dayandıraq. Tramp Amerikanın ən qeyri-populyar prezidentidir. Onun qanuni hakimiyyət haqqı var, ancaq bizim də mənəvi haqqımız var ki, mübarizə aparaq. Ona görə də günbə-gün mübarizə aparacağıq. Ümid edirik ki, siz də bizimlə birlikdə bu mübarizəni aparacaqsınız”-demokratların nümayəndəsi investorlara bildirib.
Lakin Demokratlar partiyasında bir çoxları Devid Borkun planını ciddi qəbul etmir, onu həmişə “ağlasığmaz və bahalı” layihələrin müəllifi kimi tanıdıqlarını deyirlər.
Trampın impiçment edilməsi hələlik ağlabatan görünməsə də ABŞ xüsusi xidmət orqanları onun Rusiya ilə əlaqələrinə dair araşdırmaları davam etdirir. Amerka KİV-lərinin məlumatına görə Ağ ev Federal Tədqiqatlar Bürosundan (FBI) xahiş edib ki, prezidentin müşavirlərinin ruslarla bağlılığı haqda yazıları təkzib etsin. Bu günlərdə nüfuzlu nəşrlərdən biri – «The New York Times» prezident Donald Trampın seçki kampaniyası müşavirlərinin rus kəşfiyyat orqanlarıyla bağlılığı haqda məqalə dərc edib.
Bundan sonra Ağ ev administrasiyasının rəhbəri Rayns Pribus məqalələri inkar etməsi, jurnalistlərlə söhbət edərək, heç olmasa, yazılanları şübhə altına alması üçün FBI-a müraciət edib. CNN FBI direktoru Ceyms Kominin müraciəti rədd etdiyini, bunu Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsiylə bağlı araşdırmanın davam etməsiylə bağladığını yazır.CNN, əslində, Ağ evin FBI-a müraciətinin qanuna uyğun olmadığını, bu iki orqan arasında belə birbaşa əlaqələrin qanunla məhdudlaşdırıldığını qeyd edir. Yəni Ağ evin araşdırmanı aparmaqda olan FBI-a təzyiqi prosedur qaydalarının pozulması deməkdir.
Ağ evin sözçüsü Şon Spayser CNN-nin müraciəti belə yozmasına etirazını bildirib, «Biz onlara təzyiq etmirik, sadəcə, doğru olanı dilə gətirməklərini istəmişik», – deyib.
FBI mətbuata məsələylə bağlı açıqlama vermir. Büronun Ağ evə rədd cavabı göndərdiyini də CNN-ə adının açıqlanmasını istəməyən bir hüquq-mühafizə orqanı rəsmisi verib. Onun dediyinə görə, «The New York Times»ın ruslarla bağlantılar haqda məqaləsi çıxandan bir gün sonra Ağ evdə, hansısa toplantı çərçivəsində Rayns Pribusla FBI-ın direktor müavini Endryu Makkabinin görüşü olub. Sonra isə Pribus yenə Makkabi ilə, həm də Ceyms Komi ilə əlaqə saxlayıb. Ağ ev əvvəl bu məlumatları təkzib etsə də, sonra təsdiqləyib.
FBI bir söz deməsə də, Ağ ev «The New York Times»ın məqaləsini «zir-zibil» adlandırıb. ««The New York Times»ın yazısı heç bir mənbəyə əsaslanmır, amma Trump kampaniyasının rus casuslarıyla əlaqəsindən bəhs edir… Bizdə indi bu məsələni araşdıranlar çoxdur. Amma sizi inandırıram ki, mənə bunu deməyə səlahiyyət də verilib, kəşfiyyat idarələri bizə bu yazılanların doğru olmadığını, tam səhv olduğunu bildiriblər». Ağ ev administrasiyasının rəhbəri Pribus «Fox News Sunday»ə müsahibəsində belə deyib.
Onun dediklərinə baxmayaraq, CNN-nin Konqresin kəşfiyyat komitələrindən əldə etdiyi məlumata görə, Trampın kampaniya üzvlərinin ruslarla əlaqəsiylə bağlı şübhələr var və araşdırmalar davam edir. «Komitənin nəyi tapacağı, nəyi aşkara çıxaracağı, hansısa informasiyanı ictimaiyyətə açıqlayıb-açıqlamayacağı bəlli deyil. Amma araşdırmaların davam etməsi Konqresin dərinə getdiyini və bu dərinlərin Ağ evi narahat etdiyini göstərir», – CNN belə yazır.
MilliYol.Az
Digər xəbərlər
loading...