Son vaxtlar ölkədən getmək istəyənlərin sayında artım hiss olunmağa başlayıb. İqtisadi çətinliklər səbəbi ilə xaricdə işləmək arzusunda olanların sayı artıb. xaricdə təhsil arzusunda olanların da sayı yetərincə böyükdür. Bu səbəbdən də bu sahəyə marağın artdığını hiss edən bəzi "işbazlar" insanların hisslərindən sui-istifadə etməkdən və kütləvi fırıldaqçılığa əl atmaqdan çəkinmirlər.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, daha bir belə kütləvi dələduzluğun üstü bir neçə gün öncə açılıb.
Redaksiymıza daxil olan məlumata görə, özünü "Eduviza" şirkətinin rəhbəri kimi təqdim edən bir şəxs (adı-soyadı dəqiqləşdirilir - red.) Kanadaya iş və təhsil vizası təşkil etmək adı altında 200-dən artıq şəxsdən adambaşına 1000-2000 ABŞ dolları alaraq saxta vizalar hazırlayıb.
İstər turist kimi, istərsə də təhsil üçün nə vaxtsa Azərbaycandan bir müddətlik də olsa gedənlər viza gedişatının çox da asan olmadığını bilirlər. Turist vizası üçün bir neçə ölkəyə getmək vacibdir. Təhsil vizası üçün isə ən azından bir təhsil keçmişi olmalıdır. Lakin insanları aldatmağı bacaranlar da var. Belə ki, "Eduviza" şirkəti bu kimi məsələlərdən xəbərsiz olanları asanlıqla aldada, onalara bir neçə gün ərzində Kanadaya viza ala biləcəklərini deyərək öz toruna sala bilib. Bir az məlumatı olan şəxslər "Şengen" vizasının lazım olub-olmadığını soruşduqda isə onlardan əlavə 500 dollar da alıb.
Qeyd edək ki, normal halda Kanadaya vizanın alınma prosesi ən azı bir ay çəkməlidir.
Hadisənin üstü 3 gün əvvəl bir ailə Gürcüstanın hava limanından Torontoya uçmaq istəyərkən açılıb. Hava limanında ailənin təqdim etdiyi vizanın saxta olduğu aydınlaşıb və böyük qalmaqal yaranıb. 7 min dollar cərimə ödəməklə Azərbaycana geri qayıdan həmin ailə onları aldadan şəxsi polisə vermək istəyiblər. Lakin adamın ölkə daxilində olmadığı söylənilib.
Daha sonra eyni aqibətin 200-dən artıq şəxsin başına gətirildiyinin də izinə düşülüb.
Hazırda işin Nəsimi rayon Polis İdarəsində araşdırıldığı bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...