BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbərdarlıq edir
İnsanlığın gələcəkdə özünü ərzaqla təmin etmək qabiliyyəti təhlükə altındadır. Buna səbəb təbii sərvətlərə təzyiqlərin çoxalması, bərabərsizliyin artması, iqlim dəyişikliyinin fəsadlarıdır.
AzMedia.info Strateq.az -a istinadən bildirir ki, bu barədə təşkilatın «Ərzaqların və kənd təsərrüfatının gələcəyi: meyllər və sınaqlar» adlı yeni hesabatında belə deyilir.
Əslində, mütəxəssislər son 30 ildə dünyada aclığın azaldılması yönündə çox böyük işlər görüldüyünü, real və əhəmiyyətli uğurların əldə edildiyini vurğulayırlar. Amma ərzaq istehsalının genişləndirilməsinin, iqtisadi artımın eyni zamanda ətraf mühitə çox baha başa gəldiyini qeyd edirlər.
Tələbat 50% artacaq
«Bir vaxtlar Yeri bürüyən meşələrin yarısı indi yoxdur. Yeraltı su mənbələri sürətlə quruyur, bioloji müxtəliflik məhv edilib», – deyən hesabat müəllifləri 2050-ci ildə insanların sayının 10 milyarda çatacağını, bu artımın isə kənd təsərrüfatı məhsullarına tələbatı indikindən 50% çoxaldacağını bildirirlər. Bu isə onsuz da dağıdılan təbii resurslardan istifadənin bir az da güclənməsi deməkdir.
Bunlar bir yana, mütəxəssislər dünyada ildə 1.3 milyard ton ərzağın, yəni istehsal olunan ərzağın 1/3-nin itkiyə getdiyini, zibilə atıldığını müəyyən ediblər. «Belə davam etsək, biz planetin sərhədlərini «keçə bilərik»», – deyə FAO-nun baş katibi Xosé Qraziano da Silva xəbərdarlıq edir.
Mütəxəssislər insanların getdikcə həm də daha az buğda məhsulları, daha çox meyvə, tərəvəz və ət məhsulları ilə qidalanacağını, bunun da əlavə torpaq və meşə sahələrinin deqradasiyası, istixana qazlarının artması ilə sonuclanacağını proqnozlaşdırırlar.
Az şeydən çoxməhsul almaq
2050-ci ildə həm də insanların 2/3-sinin şəhərlərdə yaşayacağı güman olunur.
Bütün bunların sonucunda iqlim dəyişikliyi insanlara əlavə problemlər yaradacaq. Hesabatda iqlim dəyişikliyinin qida istehsalının bütün sahələrinə təsir göstərəcəyi, təsərrüfatların tez-tez müşahidə olunacaq quraqlıqdan, ya da əksinə, daşqınlardan əziyyət çəkəcəyi deyilir.
Bəs bütün bunların önlənməsi mümkündürmü? Mütəxəssislər «hə» deyirlər. Ancaq bunun üçün çox böyük dəyişikliklərə ehtiyac var. Çıxış yolu kimi az şeydən çox məhsul istehsal etməyin yollarını tapmaq, kiçik və ailə təsərrüfatlarının qorunması və artırılması, ən vacib ərzaqları əldə etmək imkanının təmin olunması məsləhət görülür. Bundan ötrü sənəd müəllifləri sosial müdafiə planlarına fərqli yanaşma, aclıqla mübarizə ilə yanaşı, kasıb bölgələrdə kənd təsərrüfatına sərmayənin artırılması, kasıbların gəlir imkanlarının çoxaldılması yönündə iş görülməsini tövsiyə edirlər. «Kasıblığın aradan qaldırılması, bərabərsizliyin azaldılması, həssas insanların qorunması yönündə əlavə cəhdlər edilməsə, 2030-cu ildə 600 milyondan çox adam hələ aclıqdan əziyyət çəkəcək», – deyə dünyaya xəbərdarlıq edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...