"28 Mall", "Port Baku Mall" və “Gənclik Mall” ticarət mərkəzləri...
“Bakı Marafonu-2017” tədbirində iştirak etmək üçün qeydiyyat məntəqələri fəaliyyətə başlayıb.
Qeydiyyat məntəqələri "28 Mall" ticarət mərkəzinin ikinci mərtəbəsində, "Port Baku Mall" və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən “GoSport” idman malları mağazasında fəaliyyət göstərir.
Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olacaq.
“Bakı Marafonu-2017”də iştirak etmək istəyənlər aprelin 20-dək Bakının ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu-2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə biletinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcəklər.
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunur.
“Bakı Marafonu-2017” ötən il olduğu kimi Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.
Qeyd edək ki, “Bakı Marafonu-2017”yə 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. ("Report")
MilliYol.Az
Digər xəbərlər
loading...