Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R. Əhmədov ifadə verib.
O bildirib ki, oxşar hadisə əvvəl də baş verib: "Əvvəl də mənə qabla dolu brilyant verib. Saxlamışam, sonra gətirib özlərinə vermişəm. Ancaq Çingiz Baxşıyev iddia elədi ki, brilyantlar ona verilməyib. Aydınlaşdırandan sonra isə yadına düşdü ki, brilyantları qaytarmışam".
R. Əhmədov qeyd edib ki, qızılları mənimsəməyib və Ç. Baxşıyevə verib: "Qızılları Çingiz Baxşıyevin qızına verəndən 2 ay sonra məni çağırıb dedi ki, qızıllar oğurlanıb. Guya qablarda qızıllar yoxdur. Çingiz Baxşıyevin yoldaşı məni qızılları oğurlamaqda təqsirləndirdi. 12 ildir, Çingiz Baxşıyevin pullarını saxlayıram. Ancaq bir dəfə də olsun, problem olmayıb".
R. Əhmədov böhtana məruz qaldığını iddia edib: "Qabların üzərində barmaq izlərini yox elədilər. Qızılları mənə necə veribsə, elə də özünə qaytarmışam. Mənə indiyə kimi 40 milyon dollar dəyərində pul əmanət edib və saxlamışam. Bəs bunları niyə mənimsəməmişəm? Onun 1 milyard dollarlıq əmlakı var. Mən bunu sənədlərlə sübut edə bilərəm".
R. Əhmədov iddia edib ki, Ç. Baxşıyevin ona böhtan atmasına səbəb narkotik ticarətinə görə aralarında yaranan münaqişə olub: "Mənə dedi ki, İrandan, Qırğızıstandan ət gətirəcək. Amma sonradan mənə məlum oldu ki, Ç. Baxşıyev ət yox, narkotik gətirmək istəyib. Mən bunu biləndə etiraz etdim və bu da onun xətrinə dəydi. Sonra bizim aramızda bir neçə dəfə münaqişə yaranıb. Çingiz Baxşıyev də mənə böhtan atıb, tutdurdu".
Proses fevralın 1-də davam etdiriləcək.
Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.
Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.
Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
MilliYol.Az
Digər xəbərlər
loading...