“Azərbaycanda böyük qaz yataqlarını aşkar edən kimi bu qazı beynəlxalq bazarlara nəql etmək üçün qərar qəbul olunub”.
APA-nın məlumatına jörə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda Dəyirmi Masada söyləyib.
Dövlət başçısı deyib ki, bu gün çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik və bu layihə 1990-cı illərdə icrasına başladığımız layihələrin davamıdır: “İndi Cənub Qaz DəhliziAvropada ən böyük infrastruktur layihəsidir. Onun ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkə iştirak edir. Gələcək illərdə ən azından 3 ölkə bu layihəyə qoşulacaq. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir. Mən bu yaxınlarda Brüsseldən qayıtmışam və biz Şefçoviçlə bu vacib layihəni müzakirə etdik. Həmçinin bu layihəni Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentləri ilə müzakirə etmişəm. Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsi üzrə strateji tərəfdaşlıq haqqında imzalanmış memorandum var. Bu gün Cənub Qaz Dəhlizi artıq reallıqdır.
Prezident İlham Əliyev bildirib ki, bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir: “Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir. Beləliklə, bütün bu tərəflərin maraqlarını təmin etmək asan iş deyil. Bu səbəbdən Avropa Komissiyası ilə birlikdə biz “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurası adlanan formatı işə saldıq. Artıq Məşvərət Şurasının iki iclası Bakıda keçirilib və üçüncü iclas Şefçoviçin iştirakı ilə fevral ayının 23-də baş tutacaq. Mühüm nailiyyətlər var. Sizə deyə bilərəm ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmenti olan Trans-Anadolu boru kəmərinin icrasının təqribən 65 faizi artıq tamamlanıb. Cənubi Qafqaz boru kəməri adlanan digər bir seqmentin icrasının 80 faizə yaxın hissəsi tamamlanıb və TAP adlanan Trans-Adriatik boru kəməri təqribən 34-35 faiz icra olunub. Dünyada ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənilməsi artıq 90 faiz tamamlanıb. Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır və bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin bütün dörd seqmentinin səhmdarıdır və Azərbaycan investor qismində də çıxış edir: “Biz Dünya Bankından, beynəlxalq maliyyə təşkilatlarından, Asiya İnkişaf Bankından, Asiya İnfrastruktur Bankından vəsaitləri cəlb etdik. Biz Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından maliyyə vəsaitinin ayrılmasını gözləyirik. Beləliklə, bu, ölkəmizin təşəbbüskarı olduğu həqiqətən də geniş maliyyə, infrastruktur, texniki, enerji layihəsidir və biz bununla qürur duyuruq. Əlbəttə, bu ölkələr arasında yeni əməkdaşlıq formatı regionda tamamilə yeni bir əməkdaşlıq ruhunu yaradır. Bu, birgə bağlılıq, yəqinlik, etibarlılıq və tərəfdaşlıq yaradır. Beləliklə, layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu əlbəttə ki, artacaq və Avropa təşkilatları ilə əlaqələrimiz güclənəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...