Rəşad Həsənov: “Son nəticədə onlar bizə diktə edəcək”
SOCAR-ın yenidən Yunanıstanın qaz nəhəngi DESFA-nın səhmlərini əldə etməyə iddia etdiyi bildirilir. Bu haqda Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsoungas açıqlama verib. Səfir açıqlamasında DESFA-nın yenidən tenderə çıxarılacağını xəbər verib:
“DESFA ilə bağlı yeni tender elan ediləcək. Bildiyimə görə, SOCAR yeni tenderdə iştirak etmək üçün öz marağını nümayiş etdirib”.
Yunan səfir SOCAR-la sövdələşmənin ilk tender zamanı əldə edilməməsinə təəssüfləndiklərini ifadə edib: “Yunanıstan hökuməti indi də SOCAR-ı etibarlı tərəfdaş kimi görür. Tərəflər dostsayağı, yaxşı mühitdə danışıqlar aparıb. Ötən il noyabrın 13-də danışıqlar təəssüf ki, müsbət yekunlaşmadı. Hər iki tərəf arasında dostsayağı mühit var və heç bir problem yoxdur. Tender rəsmi olaraq elan edilməyib, amma artıq 5-6 şirkət rəsmi şəkildə tenderə maraq göstərdiyini açıqlayıb”.
Qeyd edək ki, DESFA-nın alınması məsələsi 2013-cü ildən SOCAR-ın gündəmində idi. Həmin ilin iyulunda Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu şirkətin 66 faizlik səhm paketini SOCAR-ın 400 milyon avroya almasına dair sövdələşməni bəyənmişdi. Ancaq o zaman Avropa Komissiyası inhisarçılıq əsası ilə sövdələşməyə müdaxilə etmişdi. 2016-cı ilin sonunda isə SOCAR-ın DESFA şirkətinin səhmlərinin 66 faizini alması məsələsinin artıq öz aktuallığını itirdiyi açıqlanmışdı. Səbəbin şərtlərdə anlaşılmazlıq olduğu bildirilirdi. Maraqlıdır, SOCAR-ın bu dəfə DESFA-nın səhmlərini qazanmaq şansı nə qədərdir? Qazancı nə qədər olacaq? SOCAR Avropa Komissiyasının şərtlərinə əməl edəcəkmi?
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda baş verənlər onu göstərir ki, Yunanıstan tərəfi birmənalı mövqe sərgiləmir: "DESFA-nın səhmlərinin böyük bir hissəsinin SOCAR-a verilməsi məsələsi Avropa Komissiyasında rəqabətlə bağlı qaydalarda müəyyən problemin yaranmasına gətirib çıxaracaq. Avropa Komissiyasının direktorluğu öz fikirlərini bununla əsaslandırmışdı. Düşünmürəm ki, yeni cəhd uğurla nəticələnəcək. Böyük ehtimalla bu proses uzunmüddətli dövr üçün müzakirə olunacaq. Ola bilsin ki, SOCAR-da bu məsələni biznes prinsipinə çevirib və bunda iddialıdır. Baxmayaraq ki, ötən il bununla bağlı Avropa Komissiyası öz mövqeyini ortaya qoymuşdu və bu məsələdə öz səylərini yenə də davam etdirir. Amma hələlik şərtlərin dəyişdiyini və SOCAR üçün avantajların yarandığını demək olmaz. Böyük ehtimalla yeni cəhdlər qısamüddətli dövrdə uğursuz olacaq. Ola bilsin ki, gələcəkdə bu istiqamətdə nəticə əldə olunsun. Amma bu, Yunanıstan hökumətinin ortaya qoyduğu mövqedən də asılı olacaq”.
Ekspert onu da əlavə edib ki, bu proseslər SOCAR-ın xərclərinin artmasına və gələcəkdə əldə edəcəyi payın daha baha qiymətə şirkətin özünə verilməsilə nəticələnə bilər: “Artıq bu zaman SOCAR-ın prosesi dəyərləndirməsinə ehtiyac yaranacaqdır. Yəni, həmin yatırımlara ehtiyac varmı? Onu da qeyd edim ki, fəaliyyətin şaxələndirilməsi baxımından əslində pis addım deyildi. Əgər bu sövdələşmə baş tutarsa, Yunanıstanın qazpaylayıcı şəbəkəsində SOCAR-ın söz sahibi olmağı növbəti dövrlərdə bu şirkətin xüsusilə, neft və qaz satışlarına və yaxud da onun qiymətlərindən asılılığının müəyyən qədər azalmasına gətirib çıxarardı. Həmçinin, Avropa hökumətlərinin SOCAR-a öyrətdikləri qaydalar növbəti dövrlərdə Azərbaycanda da bu şirkətin fəaliyyətində müsbət istiqamətdə dəyişikliklərə səbəb ola biləcəyinə zəmanət verə bilər”. Rəşad Həsənovun qənaətincə, DESFA-nın səhmlərini əldə etmək prosesi yorucu, əlavə vaxt itkisi və xərclə nəticələnəcək: “Əgər SOCAR müraciət edibsə, onun öz təkliflərini və fəaliyyətini təkmilləşdirməyə ehtiyac var. SOCAR Avropa Komissiyasına hansısa formada diktə edə bilməyəcək. Yəni, son nəticədə onlar bizə diktə edəcək. Bu şərtlərin götür-qoy edilməsinə ehtiyac var. Əgər qəbulediləndirsə, şərtləri təsdiq etmək lazımdır, əks təqdirdə, bu prosesdə geri çəkilməli və bu istiqamətə enerji sərf edilməməlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...