Ağ evin milli təhlükəsizlik müşaviri Federal Tədqiqatlar Bürosuna (FBI) yalan danışıb. Bütün ABŞ qəzetləri bu haqda yazırlar
«The Washington Post» qəzeti qeyd edir ki, müşavirin istefası Ağ evin gözləntilərinin əksinə nəticə verib, durum bir az da pisləşib, müşavirin nəinki vitse-prezidentə, həm də FBI agentlərinə yalan məlumat verdiyi üzə çıxıb.
Donald Trampın milli təhlükəsizlik müşaviri Maykl Flinn vəzifəsinin icrasına başlayandan 3 həftə sonra – fevralın 14-də istefaya getməli olub. Səbəb onun hələ dekabrda Rusiyanın ölkədəki səfiriylə söhbət edərkən sanksiyaları müzakirə etməsidir. Müşavirin bu haqda rəhbərliyə məlumat verməməsi, ya da özünün diliylə desək, «səhvən tam məlumat verməməsi» və bunun aşkara çıxması bütün administrasiyanı silkələyib.
«The Washington Post» yazır ki, M.Flinn FBI agentlərinin suallarına cavab verərkən səfirlə sanksiyalardan danışmadığını bildirib. Agentlərin əldə etdikləri səs yazıları isə əksini sübut edib. FBI-ya yalan ifadə vermək ABŞ-da cinayət hesab edilir. Bu isə o deməkdir ki, keçmiş müşavirə cinayət işi açıla bilər.
Amma CNN kanalı M.Flinnə ittiham irəli sürülməyəcəyini xəbərləyir. Kanalın hüquq mühafizə orqanlarından aldığı məlumata görə, ifadə verərkən işlətdiyi «xatırlamıram» sözü M.Flinni müdafiə edir. Məsələ burasındadır ki, ilk dəfə dindiriləndə, M.Flinn Rusiyanın səfiriylə söhbəti zamanı sanksiyalar məsələsinə qətiyyən toxunulmadığını söyləyib. Agentlər onu çək-çevir edəndə, «xatırlamıram» deyib.
FBI mütəxəssisləri M.Flinnin onlarla əməkdaşlıq etdiyinə və doğru məlumat verməyə çalışdığına, onları yayındırmaq niyyətində olmadığına inandıqlarını söyləyirlər. Qəzetlər yazır ki, keçmiş müşavir Rusiyanın səfiriylə söhbətdə bütövlükdə sanksiyaları deyil, keçmiş prezident Barak Obamanın rus diplomatlarının qovulması haqda qərarını müzakirə edib. Əslində, elə bu qərar da sanksiyaların bir hissəsidir.
Beləliklə, Birləşmiş Ştatlarda təhlükəsizlik müşavirinin istefasıyla bağlı qalmaqal davam edir. CNN FBI-nın məsələni hələ araşdırmaqda olduğunu bildirir.
MilliYol.Az
Digər xəbərlər
loading...