Dünən axşam saatlarında başlayaraq cənub bölgəsinə güclü qar yağıb.
MilliYol.Az istipress-ə istinadən xəbər verir ki, Lerik rayonunda mərkəzdə qarın qalınlığı 70-80 sm, ucqarlarda isə 1 metrdən artıqdır. Güclü qar səbəbindən ucqar dağ kəndlərinə gediş-gəliş demək olar ki, dayanıb.
İndi əsas diqqət Lənkəran - Lerik yolunun nəqliyyat üçün açıq qalmasına yönəlib. Lerik yol idarəsi gücləndirilmiş iş rejimində işləsə də, yolda nəqliyyat hərəkətini yalnız birtərəfli qismən təmin etmək mümkün olub. Yolun 40-55-ci km-ləri arasında güclü buzlaşma olduğundan nəqliyyatın hərəkəti üçün olduqca təhlükəlidir.
Yol idarəsinin rəsmiləri sürücüləri imkan daxilində yoldan istifadə etməyə çağırır. Hazırda Lerikdə rayon mərkəzində 8 dərəcə, ucqar kəndlərdə 12 dərəcə şaxta var. Lerikin ucqar kəndlərində enerji fasiləsi yaranıb.
Analoji problemlər Yardımlı rayonunda da var. Burda da dağlıq kəndlərdə qismən enerci kəsilmələri var və nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Enerji sarıdan ən böyük problem Lənkəran - Astara rayonlarında yaşanır. Astara rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, hazırda 81 yaşayış məntəqəsi işıqsız qalıb. Yaxın kəndlərə gedən yollar açıq olsa da dağ kəndlərinə gedən yollar bağlıdır.
Lənkəranda da çox böyük enerji problemi yaranıb. İstiPress-in cənub bürosunun məlumatına görə, şəhərin bir hissəsində və əksər kəndlərdə gecə saatlarından enerji kəsilib. Rayonun elektrik şəbəkəsinin rəhbərləri dəqiq rəqəmlər açıqlamasalar da, təhlükəsizlik məqsədi ilə açılmalar olduğunu bildirdilər.
Gün ərzində təmir briqadaları fəsadları aradan qaldırmağa başlayacaqlar. Lənkəranda rayon mərkəzində qalın qalınlığı 31 sm, ucqarlarda 70 santimetrdən artıqdır.
Ələt - Astara magistral yolu mütəmadi təmizləndiyindən nəqliyyat vasitələri üçün açıqdır. Ucqar dağ kəndlərinə gedən yollar bağlıdır.
Masallı rayonunda bir neçə dağ kəndi istisna olmaqla enerji təchizatında problem yoxdur.
Bölgədə qaz təchizatında problem yaranmayıb.
Hazırda bölgəyə güclü qar yağmaqda davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...