"Bank of Amerika”nın analitikləri bildiriblər ki, manat bu il dollara qarşı güclənə bilər. Analitiklərin tədqiqatlarına əsasən, manatla bərabər Qazaxıstan təngəsi də bu il möhkəmlənə bilər. Bu, neftin bahalaşması fonunda daha real görsənir. Açıqlamada bildirilir ki, Qazaxıstan təngəsi və Azərbaycan manatının rubla qarşı bahalaşması da kifayət qədər dəyərləndirilməyib: "2017-ci ildə hər iki valyutanın minimum 10-15 faiz bahalaşma potensialı var. Bu ilin sonunda dollar Qazaxıstan təngəsi nisbəti hədəfinin 300 olacağı gözlənilir”.
Son keçirilən hərraclarda manatın cüzi bahalaşması bu istiqamətdə müəyyən ümidverici məqamların olması kimi qiymətləndirilir. Müstəqil ekspertlərin qənaətincə, Mərkəzi Bank manatın qismən sabitliyinə nail ola bilər. Bunun üçün Dövlət Neft Fondundan ayrılan vəsaiti istifadə etməlidir.Əksər ekspertlər manatın qiymət artımının müvəqqəti olduğu qənaətindədir.İqtisadçıların fikrincə, manatla bağlı əslində “üzən məzənnə” siyasətinə keçilməməsi ciddi problemlər yaradır.Üstəlik, manatla bağlı ucuzlaşmanın hara qədər davam edəcəyi də dəqiq deyil, ehtimallar isə bir-birini tamamlamır.Bəs, reallıqda manatın 10-15 faiz civarında bahalaşması mümkün görünürmü?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, həmin tədqiqatın orijinal versiyasında bir neçə “əgər”lər yer alır: “Yəni, əgər neftin qiyməti 60 dollardan yuxarı sabitləşsə və uzun müddət bu səviyyədə qalsa, əgər Mərkəzi Bank manat siyasətində indiki kimi sıxlaşdırıcı addımları davam etsə və.s. Yəni, bir neçə şərt var ki, onlar yerinə yetirilərsə, manat möhkəmlənə bilər.Bu, bizdən asılı olan və olmayan şərtlərdir.Təbii ki, Azərbaycan dünya bazarında neftin qiymətinə təsir edə bilmir.Amma pul-kredit siyasətinin daha sərt şəkildə aparılması Mərkəzi Bank və hökumətin apardığı siyasətdən asılıdır.Əgər bunlar baş verərsə, o zaman deyildiyi kimi manat 10-15 faiz civarında möhkəmlənə bilər.Həmçinin bu hesabatda manatın ilkin olaraq hansı məzənnədən hesablanması da maraqlıdır.Çünki bir neçə həftə bundan öncə bu hesabat hazırlanarkən dolların məzənnəsinin düşmə prosesi olmamışdı.Ən yaxşı halda və neftin qiyməti doğurdan da yüksəlsə, bu təqribən 1.80 civarında manatın sabitləşməsi deməkdir.Yəni, indiki məzənnədən söhbət getmir.Bu hesabat hazırlanarkən manatın məzənnəsi tamam fərqli idi”.
Qazaxların vəziyyəti bizdən yaxşıdır
Neftin qiymətinə gəlincə, ekspert güman edib ki, neftin qiymətinin 55 dollar civarında qalma ehtimalı var: “Amma qlobal neft bazarında bəzi proseslər baş verir. Neftin qiymətinin 50 dollar səviyyəsinə qədər ucuzlaşma riski var. Əgər bu amillər baş verərsə, təbii ki, “Bank of Amerika”nın verdiyi proqnoz özünü doğrultmaya bilər”.
Natiq Cəfərli Qazaxıstanda təngə ilə bağlı vəziyyətin tamamilə fərqli olduğunu bildirib: “Belə ki, Qazaxıstanın ixracat portfelində neft və neft məhsullarının rolu Azərbaycandakı qədər yüksək deyil. Azərbaycanda ixracatın 90 faizini neft və qaz təşkil edir.Qazaxıstanda isə bu göstərici 70 faiz civarındadır.Həmçinin qeyri-neft sektorunun və başqa faydalı qazıntıların ixracatı var. Eyni zamanda bu ölkənin ixracatında taxıl mühüm rol oynayır.Bu nöqteyi-nəzərdən Qazaxıstanın vəziyyəti Azərbaycana nisbətən xeyli dərəcədə yaxşıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...