“Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı çox müsbət addımdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral, 2017-ci il tarixli sərəncamına münasibət bildirən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib.
S. Qocamanlı bildirib ki, sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda həbsxanaların doluluq səviyyəsi aşağı düşəcək, dövlətin bu sahədə xərcləri azalacaq. Digər məqam odur ki, cəzalar artıq ən yuxarı həddə olmayacaq və bu, humanist bir yanaşmadır: “Yəni insanların törətdiyi cinayətlərə görə qanunda əksini tapan alternativ cəzalara daha çox üstünlük veriləcək. Bura ev dustaqlığı, cərimə, ictimai, islah işlərinə cəlbetmə daxildir. Bu da cəmiyyətdə ab-havaya çox müsbət təsir göstərəcək. Hüquq müdafiəçiləri bu sərəncamı müsbət qarşılayır və başqa cür də reaksiya verə bilməzdilər. Biz uzun illərdir ki, belə bir sərəncamın imzalanmasını arzu edirdik. Artıq bu addım atılıb. Növbəti mərhələ sərəncama uyğun olaraq nəzərdə tutulan qanun layihələrinin hazırlanmasıdır. Addımbaaddım problemlər həllini tapacaq, buna sadəcə, zaman və istək lazımdır”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da dövlət başçısının imzaladığı sərəncamı çox yüksək dəyərləndirib: “Sərəncam prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir”.
N. Cəfəroğlu bildirib ki, sərəncamda nəzərdə tutulan qanunlar və hüquqi aktların qəbul edilməsi, hüquq-mühafizə və məhkəmə orqanlarının sərəncamın ruhuna uyğun davranması nəticəsində mövcud durum dəyişəcək: “Məsələn, narkotikdən şəxsi istifadəyə, yaxud dələduzluqla bağlı yüksək cəzalar yüngülləşə, həbs qətimkan tədbirinin, azadlıqdan məhrumetmə cəzasının həbslə əlaqədar olmayan cəza tədbiri ilə əvəzlənməsinə səbəb olar. Yaxud iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs edilmiş şəxs ictimai işlərə cəlb olunmaqla vurduğu ziyan ödənilə bilər. Bu insanların ictimai işə cəlb olunması onları həbsxanaya salmaqdan daha məqsədəuyğundur. Həbsxanada oturmaqdansa, onların ictimai işlərə cəlb edilməsi daha yaxşı olar. Sərəncamın həyata keçirilməsi nəticəsində çoxlu sayda insan həbsxanalardan çıxa bilər. 1, yaxud 2 il həbs müddəti qalan məhbusların da ictimai işlərə cəlb edilməsi ilə həbsxanalar xeyli dərəcədə boşalacaq, dövlətin də bu sahədə iqtisadi yükü azalacaq”.
Hüquq müdafiəçisi yeni yaradılacaq Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin effektiv fəaliyyətinin önəmli olduğunu da vurğulayıb: “Dövlət başçısının imzaladığı sərəncam çox gözəl bir sərəncamdır. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin bu işi nə dərəcədə effektiv icra etməsi də çox vacibdir”
MilliYol.Az
Digər xəbərlər
loading...