Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Bakıdakı 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra fevralın 10-da yeni xidmət mərkəzinin açılışı olub.
MilliYol.Az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına yeni xidmət mərkəzi barədə məlumat verib.
Bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi paytaxtın Üzeyir Hacıbəyli küçəsindəki 1 saylı poçt filialında istifadəyə verilib. Mərkəzdə son texnoloji tələblərə uyğun avadanlıqlar – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, ATM, bank sistemində tətbiq olunan növbə aparatı (Q matik), tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb.
Dövlət başçısı və xanımı yeni xidmət mərkəzi ilə tanış olublar.
***
Prezident və xanımı bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib.
Bildirilib ki, bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Ümummilli Liderin büstü qoyulub.
Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn izlənməsi sistemi yaradılıb. Bundan başqa, otaqda GPS izlənmə sistemi də tətbiq edilir.
Binada 280 nəfərlik akt zalı, aparat və işlər idarəsi, beynəlxalq əlaqələr, kadrlar, hüquq, ictimai əlaqələr şöbələri, “qaynar xətt” bölməsi və digər aidiyyəti qurumlar fəaliyyət göstərəcək. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların və indiyədək quruma rəhbərlik edən şəxslərin fotolarından ibarət guşələr də yaradılıb.
Qeyd edildi ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, iki su anbarı inşa edilib. Mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunan binanın dam örtüyü tam yenilənib.
***
Bu gün Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...