K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD” xəstəxanası) uşaq ölümləri ilə bağlı zaman-zaman mətbuatda çoxlu sayda xəbərlər dərc edilib.
AZXEBER.COM-a müraciət edən Murad Qasımov adlı vətəndaş da sözügedən xəstəxanada başlarına gətirilən hadisə haqqında danışıb. Onun sözlərinə görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub:
"Mənim qızım 19 yaşındadır və çox tez ana olub. Yoldaşı hərbçi olduğu üçün onlar Zaqatalada yaşayıblar. Uşaq müəyyən səbəblərə görə 7 aylığından dünyaya gəlib və Zaqatalada baxa bilmədikləri üçün onu Şəki Doğum Evinə göndəriblər. Elə burada da uşağa heç bir yardım edə bilmədikləri üçün 2016-cı ilin avqusutun 31-də Bakıya göndərirlər. Bakıda "OMD” uşağı qəbul edir və həmin gecə reanimasiyaya qoyurlar. 6 gün süni nəfəs aparatında qalandan sonra sentyabrın 6-da uşaq rəhmətə gedir”.
M.Qasımovun sözlərinə görə aparılan araşdırmalar nəticəsində uşağın ölümünə müxtəlif diaqnozlar qoysalar da, Səhiyyə Nazirliyinin rəsmi təqdim etdiyi sənəddə "müəyyən qüsurlar” nəticəsində ölüm faktının gerçəkləşdiyi qeyd edilib:
"Bu söz mənə təqdim edilən sənədin üzərində yazılıb - "müəyyən qüsurlar”. Heç kim bunu dilə gətirmir. Bu sadəcə həkim səhlənkarlığının nəticəsində baş verən bir hadisədir. Uşaq 6 gün boyunca hər kəsə baxıb gülürdü. Necə olur ki, 6 gün sonra bu hadisə baş verib?”.
Şikayətçi "OMD”də 6 gün ərzində gördüyü mənzərənin utancverici olduğunu da deyib. Belə ki, gələn xəstələrdən burada həkimlər, tibb bacıları tərəfindən heç bir əsası olmadan pullar alınır. Xəstəxana rəhbərliyi isə heç kimdən qorxmadığını açıq şəkildə ifadə edir:
"Kim istəsə gedib öz gözləri ilə baxa bilər. Buranın xəstəxana yoxsa bazar olmasını heç kim ayırd edə bilməz. Xəstə yaxınlarını tamamilə soyurlar. Hər şeyi onlara aldırır, bütün addımlarında "pul-pul” deyə şərt qoyurlar. Xətəxananın direktoru Nəsib Quliyevə də dedim. Dedim ki, bu işi buraxın gedin. Camaatı bədbəxt edirsiniz, uşaqlar savadsızlığınızdan ölürlər. Heç nə demədi, girdi kabinetinə. Həyətdə isə Nəsib Quliyev başda olmaqla nə qədər şöbə müdirlərinin yüzminlik maşınları düzülüb. Bunları görən kim araşdıracaq?”.
M.Qasımov öz hüquqlarını qanun çərçivəsində apardığını deyib. O, 2016-cı ilin sentaybrın 6-dan etibarən bu işin arxasına düşdüyünü və bir çox qurumlara şikayət ərizələri yazdığını əlavə edib. İşə hazırda, Yasamal Rayon Prokurorluğunun baxdığını bildirib:
"Bu gün prokurorun qəbulunda olacam. Bir baba kimi və ən əsası bir ata kimi işin arxasında düşəcəm. Çünki qızım artıq gözlərimin önündə əriyir. Onun ailəsi də dağıldı. Kürəkənim onu tərk edib getdi. Qızım isə hazırda psixoterapiya alır. Nə zaman özünə gələcəyini bilmirəm. Ancaq mən bu işi davam etdirəcəm”.
Murad Qasımovun körpənin ölümündən öncə çəkdiyi görüntülərini redaksiyamıza göndərib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...