Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın komandasında kimlər var?
Novator.az bununla bağlı arayış hazırlayıb.
ABŞ hökumətinə 15 nazirlik daxildir. Nazirliklərə rəhbərlik edən şəxslər katib adlanır. Xarici işlər nazirinin – Dövlət Departamentinin rəhbərinin vəzifəsinin adı dövlət katibi gedir. Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs isə baş prokuror sayılır.
Nazirləri prezident ABŞ Konqresinin yuxarı palatası olan Senatın razılığı ilə təyin edir.
Vitse-prezident, Ağ ev administrasiyasının başçısı, bir neçə federal qurumun (İnzibati-Büdcə İdarəsi, Ətraf Mühitin Mühafizəsi Agentliyi, Ticarət Nümayəndəlikləri Ofisi, İqtisadi Məşvərətçilər Şurası, Kiçik Biznes Administrasiyası) rəhbəri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi də kabinet üzvü sayılır.
Vitse-prezident Mayk Pens yanvarın 20-də Donald Trampla birgə səlahiyyətlərinin icrasına başlayıb. Komandanın Senatda təsdiqlənən üzvləri isə bunlardır:
Rayns Pribus – Ağ ev aparatının başçısı
Reks Tillerson – dövlət katibi (xarici işlər naziri)
Ceyms Mettis – müdafiə naziri
Con Kelli – daxili təhlükəsizlik naziri
Ceff Seşns – ədliyyə naziri (baş prokuror)
Betsi Devos – təhsil naziri
Eleyn Lan Çao – nəqliyyat naziri
Nikki Heyli – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi.
Maliyyə naziri postuna Stiven Mnuçin, daxili işlər naziri postuna Rayan Zinke, kənd təsərrüfatı naziri postuna Sonni Perdyu, ticarət naziri postuna Uilbur Ross, əmək naziri postuna Endrü Puzder, səhiyyə və sosial xidmətlər naziri postuna Tomas Prays, tikinti və şəhər inkişafı naziri postuna Ben Karson, energetika naziri postuna Rik Perri, veteranlarla iş naziri postuna Devit Şulkin namizəddir.
Donald Tramp İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsinə Mik Malvanini, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi postuna Skott Prüitti, Ticarət Nümayəndəlikləri Ofisinin rəhbəri vəzifəsinə Robert Laytizeri, Kiçik Biznes Administrasiyasının rəhbəri postuna Linda Makmeni namizəd göstərib.
İqtisadi Məşvərətçilər Şurasına namizəd irəli sürülməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...