Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məhkəmə bu gün də Kürdəmir epizodu üzrə davam edib. İttiham aktına görə, Kürdəmirin Mollakənd kəndində Şehman İmanova məxsus "Xatirə" restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib. Ş.İmanov ifadəsində restoranı Çovdarovun təzyiqlərindən sonra Sədiyar Tağıyevə satdığını, sonuncunun isə qorxduğu üçün ölkəni tərk etdiyini deyib.
Restoran Çovdarovun oğlunun adına yaradılan "RAF 2006" MMC-nin torpaq sahələrinin ərazisinə yaxın olub. Həmin torpaq sahələrində Çovdarovun oğlu balıqçılıqla məşğul olub. Restoran torpaq sahələrinə gedən yolun üzərində yerləşdiyi üçün Çovdarov oranı almaq istəyib. Ancaq tərəflər razılaşmayıblar.
Kürdəmir Rayon İcra Hakimiyyətinin icra şöbəsinin sabiq müdiri Hikmət Quliyev məhkəmədə ifadə verib. Zərərçəkmiş Ş.İmanov restoranına gedən yolun zəbt edildiyini və fəaliyyət göstərə bilmədiyini deyib. Amma icra şöbəsinin sabiq müdiri söyləyib ki, restorana gedən yolun açılması üçün Ş.İmanov tərəfindən edilən tələb təmin edilib. O, qeyd edib ki, qətnamə icra edilib, amma restoranın yolunun açılması ilə bağlı qərarı iddiaçı Şehman İmanov özü götürməyib.
A.Çovdarov isə məhkəmədə deyilənlərə etiraz edib: "Utanmırsız belə epizodu, ittihamı verirsiz?"
Hazırda Kürdəmir bələdiyyə sədri olan Nofəl Qasımov ifadə verib. O, deyib ki, 2000-ci ildən sonra restoranın fəaliyyəti tam dayanıb.
Restoranın 2000-ci ildən işləməməsinə münasibət bildirən Şehman İmanov isə məhkəmədə bildirib ki, həmin ildən sonra restoranın həyətində pambıq əkiblər. Amma buna imkan verilməyib. Həmin ərazi isə bələdiyyə torpağı olub.
Bələdiyyə sədri isə bildirib ki, həmin ərazidə əkin-biçinə icazə verilməyib.
Məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...