Məktəblərdə müəllimlərin bilik və bacarıq səviyyəsini yoxlamaq üçün sertifikasiya prosesləri keçirilir ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədi daşıyır. Lakin ali təhsil müəssisələrində saxta diplomla çalışan müəllimlərin varlığı cəmiyyətdə etimadı sarsıdır və ali təhsil sisteminə qarşı güvəni azaldır. Universitetlərdə bu problemin həlli üçün sertifikasiya tərzində diaqnostik qiymətləndirmə prosesinin tətbiqi vacib addım ola bilər.
Bu barədə Trend-in suallarını cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov deyib.
O qeyd edib ki, bu diaqnostik qiymətləndirmə prosesi ali təhsil müəssisələrində müəllimlərin real bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsinə imkan yaradacaq.
"Universitet müəllimlərinin elmi və pedaqoji biliklərinin yoxlanması təkcə saxta diplom məsələsinin aşkar olunması üçün deyil, həm də müəllimlərin təhsil keyfiyyətinə verdikləri töhfəni artırmaq üçün önəmlidir.
Bu cür qiymətləndirmələr tədris bacarıqlarının və elmi nailiyyətlərinin təhlil edilməsinə və inkişaf ehtiyaclarının müəyyənləşməsinə şərait yarada bilər. Bunun nəticəsində ali təhsil müəssisələrində təhsilin ümumi keyfiyyətində irəliləyiş əldə oluna bilər.
Bu proses, həmçinin, ali təhsil müəssisələrində şəffaflığın və hesabatlılığın artırılması üçün mühüm rol oynayar. Sertifikasiyaya bənzər diaqnostik qiymətləndirmələr universitet müəllimlərinin tədris prosesindəki səviyyələrini, bilik və bacarıq səviyyələrini obyektiv bir çərçivədə ölçmə imkanı verər. Belə bir addım cəmiyyətin universitet müəllimlərinə olan etimadını gücləndirəcək və ali təhsil sahəsində saxtakarlığın qarşısını almağa kömək edəcək.
Bundan əlavə, diaqnostik qiymətləndirmə prosesinə əsaslanan sertifikasiya, ali təhsil müəssisələrində əməkdaşların peşəkar inkişafına yönəlik xüsusi proqramların təşkil edilməsini də stimullaşdıra bilər.
Müəllimlər üçün təşkil olunacaq ixtisasartırma proqramları və təlimlər onların zəif tərəflərinin gücləndirilməsi və tədris keyfiyyətlərinin artırılması üçün önəmli addım olacaq. Bu cür proqramlar universitet müəllimlərinin peşəkarlıq səviyyəsini yüksəldərək, tələbələr üçün daha səmərəli bir təhsil mühitinin yaradılmasını təmin edəcək.
Son olaraq, sertifikasiya prosesinin ali təhsil müəssisələrində tətbiqi tədris mühitində standartların yüksəldilməsinə və saxta diplomların qarşısının alınmasına mühüm töhfə verə bilər. Bu yanaşma təhsil sahəsində şəffaflığın artırılması, müəllimlərin peşəkar inkişafı və ümumilikdə ali təhsil sisteminə olan ictimai etimadın bərpası üçün vacib addımdır", - deyə o qeyd edib.
Digər xəbərlər
loading...