Erməni mətbuatını diqqətlə araşdırdıqda 2016-cı ilin aprel ayında Ermənistanın 250 milyon dollarlıq silah aldığını və baş nazir Ovik Abramyanın bu məqsədlə Dünya Bankından aşağı faizlə alınmış vəsaitləri sərf etdiyini düşünmək olar.
Anspress-in məlumatına görə, Ermənistanın apreldə 250 milyon dollarlıq silah və hərbi texnika alması fikrini ortaya ilk dəfə “Haykakan jamanak” qəzeti atıb. Ermənistanın gömrük xidmətinin aprel ayı üçün dərc etdirdiyi göstəriciləri tədqiq edən qəzet yazır ki, 2016-cı ilin aprel ayında Ermənistanın idxalı 2015-ci ilin aprel ayına baxanda iki dəfədən çox artıb. Əgər 2015-ci ilin aprel ayında Ermənistana 204 milyon dollarlıq mal idxal edilibsə, 2016-ci ilin aprel ayında bu rəqəm 455 milyon dollar olub.
“Haykakan jamanak” bunu ay ərzində idxal edilən hərbi texnika və sursat ilə əlaqələndirib. Ermənistan ordusunun məhz bu sursatla aprelin sonlarında cəbhə xəttində fəallıq göstərməsi və Azərbaycanın yaşayış məntəqələrini aramsız atəşə tutması da ehtimallar arasındadır.
Ermənistanın xarici borcunun 9 miyard dollara çatdığı və adambaşına düşən xarici borcun 3 min dollar olduğu nəzərə alınarsa, 250 milyon dolların İrəvan üçün böyük rəqəm olduğunu anlamaq olar. Təsadüfi deyil ki, aprel müharibəsi günlərində erməni mətbuatının əsas ağısı Rusiyanın kreditlə verməli olduğu 200 milyon dollarlıq silahın üzərində qurulmuşdu. Ermənilər elliklə həmin silahın gecikdirilməsindən narahat idilər.
Azərbaycan və Ermənistan ordularının hərbi texnikasının müqayisəsi (Mənbə: BBC)
Rusiya Ermənistana nisbətən dəqiq silahlar - “Smerç”, “Solntsepek” sistemləri, habelə “İqla-S” zenit-raket kompleksləri, “Konkurs” tank əleyhinə raketləri, RPG-26 qumbaraatanları, “Tiqr” zirehli maşınları, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat vasitələri, mühəndis və rabitə qurğuları, T-72 tanklarının və PDM-lərin modernizasiyası məqsədilə işlədiləcək cihaz və vasitələr söz verib. Ermənilər bununla Ermənistan ordusunun Azərbaycan ordusundan geriliyinin nisbətən aradan qaldırılacağını düşünürlər.
Amma cəbhə xəbərlərindən belə görünür ki, Ermənistan ordusu apreldə əldə etdiyi həmin 250 milyon dolları silah yox, sursat - mərmilər, partronlar, kəşfiyyat vasitələri almağa sərf edib. Ermənistan ordusunun başıpozuq dəstələri aprelin sonlarında cəbhə xəttinə yaxın Azərbaycan yaşayış məntəqələrini məhz bu mərmilərlə atəşə tutmuşdu.
Mərmilərin alınması üçün vəsaitləri sərf edilən beynəlxalq maliyyə qurumlarının sırasında ilk ağıla gələn Dünya Bankı olur. Erməni şərhçi Naira Hayrumyanın yazdığına görə, bu ilin birinci yarısında Ermənistan hökuməti Dünya Bankı və digər beynəlxalq qurumlardan sosial layihələr adı altında 0,5 milyard dollar vəsait alıb. Bu layihələrin əksəriyyəti müəyyən səbəblərə görə gerçəkləşdirilməyib və borc dövlətin boynuna yazılıb.
Naira Hayrumyan həmin layihələrdən biri kimi Gərni dərəsindən keçmiş Artaşat rayonunda yerləşən Kaxsraşen kəndinə kimi su kəmərinin çəkilməsini göstərib. Layihə gerçəkləşdirilməyə başlayan kimi Gərni kəndinin sakinləri ayağa qalxaraq etiraz mitinqləri keçiriblər. Baş nazir Ovik Abramyan dərhal mitinq iştirakçıları ilə görüşüb layihəni dayandırıb.
Regionu yaxşı tanıyanlar mitinqin qurama olduğunu dərhal anlayırlar. Etiraz edən Gərni sakinləri susuz qalacaqlarını iddia edirlər. Halbuki, Kaxsraşen kəndinə su Gərnidən çox-çox aşağıdan - Azat su anbarından çəkilməli idi. Yəni anbardan artıq su aparılmasının Gərni camaatına heç bir dəxli yoxdur.
Maraqlıdır ki, məsələ ilə bağlı jurnalistlərlə görüşən Ovik Abramyan çox böyük əminliklə Ermənistana Rusiyadan silahlar gətirildiyini bildirib: "Proses plana uyğun gedir. Heç bir problem yoxdur. Proses başlayıb".
Ovik Abramyanın bu proseslərdə fəallıq göstərməsi 2018-ci ildə keçiriləcək prezident seçkilərində onun Serj Sarkisyanı əvəz edəcəyini ehtimal etməyə imkan verir. Bu isə Ermənistanda "Qarabağ" klanının hakimiyyətinin sona çatması olacaq. Aprel döyüşlərindən sonra Serj Sarkisyanın klanın böyük rəqibi Levon Ter-Petrosyanın evinə qonaq gedərək məsləhət alması Moskvanın bu yerdəyişməyə qərar verdiyini ortaya çıxarır. Ovik Abramyanın sosial layihələrə ayrılan pulları silaha xərcləməsinə göz yuman Qərb də bu yerdəyişməyə hazırlaşır və görünür, gələcək prezidentlə indidən isti münasibətlər qurur.
Qarabağda doğulmuş Naira Hayrumyanın və digər qarabağlı jurnalistlərin Ovik Abramyanı mütəmadi tənqid etməsi də bu ehtimalları artırır. Onlar ənənə üzrə qarabağlı Seyran Ohanyanın prezident olmasını arzulayırlar. Buna görə də Ermənistan ordusunun aprel döyüşlərində qəhrəmanlıqlar göstərməsi barədə əfsanələr uydururlar.
Azərbaycan da bu dəyişikliyə hazır olmalıdır. Hər halda, Ter-Petrosyanın prezidentliyi dövrü göstərdi ki, vəziyyəti real görməyi bacaran İrəvan erməniləri qarabağlılara nisbətən daha peşəkardırlar. Onlar müəyyən diplomatik gedişlər edərək Azərbaycan üçün ciddi problemlər yarada bilərlər. Rəsmi Bakı indidən buna hazır olmalıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...