Sakinlər Səxavət Məmmədovu vəzifədə görmək istəmir, nazirlik və Goranboy RİH isə susur
Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədovun fəaliyyəti ciddi narazılığa səbəb olub. Bu barədə MilliYol.Az-ın elekton poçtuna göndərilən məlumatda bildirilir.
Saxta diplomla Təhsil Şöbəsinə rəhbər təyin olunduğu deyilən, müəllim işləməzdən əvvəl taksi sürücüsü kimi fəaliyyət göstərən, bu zaman iki nəfərin ölümünə səbəb oduğu iddia edilən Səxavət Məmmədovun adı bir sıra qalmaqallarda hallanır. MilliYol.Az-a göndərilən şikayət ərizəsində sakinlər onun Goranboy təhsilini bazara çevirdiyini, rüşvətxorluğun baş alıb-getdiyini bildirirlər.
Sakinlər 200 min manat müqabilində Təhsil Şöbəsinə rəhbər təyin olunan Səxavət Məmmədovu bu vəzifədə görmək istəmir və onun işdən çıxarılmasını tələb edir. Bununla bağlı Təhsil Nazirliyinə və ölkə rəhbərliyinə bir neçə dəfə şikayət məktubları ünvanlanıb. Amma Səxavət Məmmədov hər dəfə himayəçilərinin sayəsində vəzifəsini qoruyub saxlaya bilib. Bu qədər şikayətin olmasına rəğmən nə təhsil naziri Mikayıl Cabbarov, nə də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev onunla bağlı tədbir görmək istəmir.
Xatırladaq ki, bir neçə gün əvvəl Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədovun Səxavət Məmmədovla bağlı şikayət ərizəsi bir neçə gün əvvəl mətbuatda yayılmışdı. Şikayətçi bildirirdi ki, Səxavət Məmmədov Gürcüstanda təhsil alıb və diplomunun saxta olmasına dair ciddi iddialar var: "Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır".
İbrahim Əsədovun sözlərinə görə, şöbə müdiri indiyədək iki nəfərin ölümünə səbəb olub, lakin dayısının sayəsində məsuliyyətdən azad olub: "Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir".
Şikayətçi bildirir ki, Səxavət Məmmədov yüngül həyat tərzi keçirir, tez-tez eyş-işrət məclislərində iştirakı edir və bunları sübut edən fotolar, məlumatlar var.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səxavət Məmmədovla bağlı da yazılar dərc olunub. Onun bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləməsi və Təhsil Şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Mətbuatda yazılan və təkzib olunmayan məlumatlara görə, direktor işləyərkən rayon İcra Hakimiyyətində çalışan digər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. Sayad Quliyev ona 200 min qarşılığında Təhsil Şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verib. Sövdələşmə baş tutduqdan sonra İcra Hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. Sayad Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır. Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy Təhsil Şöbəsinə təyinat alır. Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur.
Bildirilir ki, hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır.
MilliYol.Az
Digər xəbərlər
loading...