Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün eyni zamanda qrant müsabiqəsinə start verir. Belə ki, müsabiqə, rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib. Müsabiqənin məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək və onları internet məkanında kreativ rəqəmsal məzmunlar yaratmağa təşviq etməkdir.
18 oktyabr 2024-cü il tarixindən etibarən, Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları layihə təkliflərini təqdim etməyə dəvət olunur. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi vasitəsilə (https://youthfoundation.az/daxil-ol-qeydiyyat/) elektron qaydada təqdim edilə bilər.
Müsabiqəyə təqdim olunan layihələr iki əsas istiqaməti əhatə edir:
- Birinci istiqamət, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsulların yaradılmasını nəzərdə tutur. Buraya veb saytlar, tətbiqlər, süni intellekt əsaslı çatbotlar və analiz alətləri, virtual reallıq (VR) və artırılmış reallıq (AR) tətbiqləri, əşyaların interneti (IoT) əsaslı həllər daxildir;
- İkinci istiqamət isə müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş, rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli video məzmunların yaradılmasını əhatə edir. Bu məzmunlar sosial media hesabları və digər rəqəmsal kanallar vasitəsilə yayımlana bilər.
Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Fond tərəfindən fikizi şəxslərin fərdi layihələri üçün maksimum 5 000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10 000 manat, beynəlxalq layihələri üçün isə maksimum 15 000 manat qrant ayrılacaqdır.
Layihə təkliflərinin təqdim edilməsi 18 oktyabr 2024-cü il tarixindən başlayır və son tarix 10 noyabr 2024-cü il, saat 18:00-dır.
Müraciət zamanı layihənin təsviri, təqdimatı, maliyyə əsaslandırması (büdcə planı) və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir. Gənclər Fondu ilə qrant müqaviləsi imzalamaq və layihənin idarə olunması layihə rəhbəri tərəfindən şəxsən həyata keçirilməlidir.
Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcəkdir.
Müsabiqənin təqdimat videosunu aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=gsoo-5wkHXU
Müsabiqə haqqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: https://youthfoundation.az/174332/
Gənclər Fondu bütün maraqlı gəncləri və gənclər təşkilatlarını müsabiqədə fəal iştirak etməyə dəvət edir. Bu, öz innovativ ideyalarınızı reallaşdırmaq və ölkəmizin rəqəmsal inkişafına töhfə vermək üçün əla fürsətdir!