Azərbaycanda məmurları vəzifəsindən könüllü çıxartdırıb, daha yüksək vəzifəyə təyin etdirəcəyinə inandıran şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1979-cu ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli Emil xeyli sayda insana ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilib.
O, özünü Prezident Təhlükəsizliyi Xidmətinin şəxsi mühafizə şöbəsinin əməkdaşı kimi təqdim edərək, 10-dan artıq insandan külli miqdarda vəsait alaraq, onları yüksək vəzifəyə təyin etdirəcəyinə inandırıb.
Emilin dələduzluğuna məruz qalanlar arasında Göyçay rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi, Gəncə Texnologiya Universitetinin tədris işləri üzrə sabiq prorektoru İsmayılov Vüqar Ağamusa oğlu, hərbçilər, müəllimlər və digər yerlərdə çalışan şəxslər də var.
Emil sabiq prorektor Vüqar İsmayılovu Prezident Adminstrasiyasmm Protokol şöbəsinə işə qəbul etdirəcəyinə söz verərək, ondan 10 min manatdan çox pul alıb. İşin daha acınacaqlı tərəfi isə Vüqar İsmayılov təqsirləndirilən şəxsə inanaraq könülli olaraq prorektor vəzifəsindən də istefa verib.
Emil əvvəlcə Vüqar İsmayılovu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Mingəçevir rayon şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyinə söz verib. Daha sonra "sənə daha yüksək vəzifə yaraşır" deyərək, onu PA-da vəzifəyə təyin etdirəcəyini deyib.
Vüqar İsmayılov
Digər bir epizod Göyçay rayon İcra Hakimiyyətinin Ərazi İdarə Etmə şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş C.V. ilə bağlıdır. Sabiq məmur Sosial Xidmətlər Agentliyinin Göyçay rayon şöbəsinin rəisi vəzifəsinin boş olmasından xəbərdar olub. O, Bakıda təqsirləndirilən şəxslə görüşüb. Emil onu həmin vəzifəyə düzəldəcəyinə inandıraraq, külli miqdarda vəsaiti mənimsəyib. Deyilən vaxt tamam olanda Emil ona zəng vuraraq işlədiyi yerdən ərizə yazıb çıxmasını və işin bir həftəyə düzələcəyini bildirib. O, da ərizə yazaraq, işlədiyi yerdən könüllü şəkildə çıxıb.
Emil bu yollarla 2022-ci il ərzində digər şəxsləri də aldadıb. Bir neçə şəxsi müəllim düzəldəcəyini, bir neçə şəxsə əlillik dərəcəsini alacağını, hətta keçmiş hərbçinin Biləsuvar rayonunda işıq idarəsində nəzarətçi vəzifəsinə düzəlməyinə köməklik edəcəyinə inandıraraq, 10250 manat pulunu alıb.
Məhkəmənin qərarı ilə Emil Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 11 ay 16 gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, 1 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, məhkəmə iclas zalından azad olunub.
Digər xəbərlər
loading...