Milli Məclisdə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu ünvanlanıb.
MilliYol.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı açıqlayıb.
“1918-ci ildə demokratik dövlət quruculuğu yolunda atılan addımlar müsəlman şərqində yeni mərhələ açıb. Lakin təəssüf ki, qurduğumuz dövlət cəmi 23 ay yaşaya bilib. Ötən əsrin 90-cı illərin əvvəlində dövlətimiz dərin siyasi və iqtisadi böhrana düşüb, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilib. Belə şəraitdə Ermənistan torpaqlarımızın işğalını gücləndirirdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə dünyamiqyaslı siyasətçi Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və yorulmaz səyləri nəticəsində Azərbaycanın qarşısındakı ağır problemləri aradan qaldırmağı bacardı. Bugünki müasir, müstəqil Azərbaycan Heydər Əliyev fədakarlığının nümunəsidir.
Daha sonra isə İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Bu nəinki ölkəmiz, bütün dünya üçün tarixi addım oldu. Təklif edirəm ki, Milli Məclis adından İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq”, - deyə S.Qafarova bildirib.
Təklif alqışlarla qəbul edilib.