Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə “Erməni milli konqresi” və Ermənistan Xalq partiyalarının (EMK-EXP) birgə yaratdığı koalisiyaya rəhbərlik edəcək.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib.
Onun sözlərinə görə, namizədlər siyahısında birinci yerdə Petrosyanın, ikinci yerdə isə Xalq partiyasının sədri Stepan Dəmirçyanın adı olacaq.
EMK-in niyə cəmi bir partiya ilə koalisiya qurduğuna gəlincə, Zurabyan qeyd edib ki, onlar üçün proqram əhəmiyyətlidir.
Petrosyanın müavini əlavə edib ki, seçkidə onlar üçün ideologiya əsas olacaq.
“Biz Ermənistan ətrafında, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri təhlil edirik və görürük ki, bu məsələdə biz nəhayət xalqa həqiqəti deməyə məcburuq. Biz həmçinin, seçkiqabağı proqramda da bu məsələni əsas seçmək istəyirik”, - deyə o bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarı olan Levon Ter-Petrosyan məhz bu mövqeyinə görə, 1998-ci ildə istefaya məcbur olundu. Lakin Petrosyan indiyə qədər Qarabağ münaqişəsinin ermənilərin bəlasına çevrildiyi fikrini müdafiə edir. O, sonuncu dəfə partiyasının qurultayında çıxışı zamanı işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini elan etdi və vurğuladı ki, nə qədər gec deyil, bu münaqişə həll olunmalıdır.
“Münaqişənin uzanmasından ən çox zərəri Ermənistan və erməni xalqı çəkir. Əgər münaqişə həll olunmasa, növbəti dəfə Ermənistan üçün daha pis nəticələr yarana bilər”, - deyə o qeyd etdi.
Onun bu fikirləri Ermənistan hakimiyyətində ciddi hiddət doğurdu.
MilliYol.Az
Digər xəbərlər
loading...