Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevə hücum edərək ona qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, 31 yaşlı Ceyhun Məmmədov quldurluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il zərərçəkmişin yaşadığı evdə qeydə alınıb. Ceyhun əvvəldən tanıdığı Mayis Əliyevlə danışmaq üçün evinə daxil olub, onu bıçaqla qorxudaraq təslim edib. Daha sonra M.Əliyevi kresloya oturmağa məcbur edib, əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb.
Müqavimət göstərə bilməyəcəyindən əmin olduqdan sonra hüquşünasın telefonundakı bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Bundan əlavə nağd pul və digər əşyalarını götürərək evdən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla Ceyhun qısa müddətdə tutularaq istintaqa cəlb olunub.
Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, həmçinin “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.