Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.
Şikayət hakim Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Ali Məhkəməsi isə Ceyhun Cəfərovun cəzasını 4 il 6 aya endirib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
Digər xəbərlər
loading...