İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Absheron Merkezı” MMC (VÖEN – 3103678821) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi “Toyota Absheron Merkezı” MMC-dən dəyəri 145 min 300 manat olan 1 ədəd avtomobil alacaq.
Bildirilir ki, istehsal ili 2024-cü il olan “SUV/Offroad” ban növünə malik 5 qapılı avtomobilin mühərrik gücü 2400-3500 kub sm. olmalı və benzilə işləməlidir.
Qeyd edək ki, hazırda satışda olan və bu göstəricilərə uyğun olan “Toyota Land Cruiser” modelləridir.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.
Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir.