Nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında həbs olunan Rövşən Əhmədov yeni iddialar irəli sürüb.
Onun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Ç.Baxşıyev R.Əhmədovla birgə işlədiyi dövrdə 1 milyon manata yaxın mənimsəməyə yol verib: “Hüquqlarını müdafiə etdiyim Rövşən Əhmədovla görüşdükdə mənə bildirdi ki, uzun müddət Çingiz Baxşıyevin yanında işləyib, həm də onunla qohumluq əlaqələri var. Çingiz Baxşıyev Nəqliyyat Nazirliyində Departament rəhbəri olarkən təmir-tikinti işləri ilə bağlı maliyyə vəsaiti ayrılıb. Bu işlər barədə sənədləşdirmə aparılıb və arxivə göndərilib.
Arxiv sənədlərində ciddi pozuntular olduğu, tikinti zamanı təxminən 1 milyon manata yaxın mənimsəmə olması aşkarlanıb. Rövşən Əhmədov Çingiz Baxşıyevlə münasibətləri yaxşı olduğu üçün ondan həmin yeyintinin arxiv sənədlərində üzə çıxacağı barədə sual verərək bu problemin necə həll olunacağını soruşub. Çingiz Baxşıyev deyib ki, o, arxiv sənədlərini ələ keçirərək yandırıb və heç bir problem olmayacaq”.
Qeyd edək ki, Rövşən Əhmədov Çingiz Baxşıyevin şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayının 4-də saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin 16 aprel tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Çingiz Baxşıyev 2014-cü ilin yanvar ayında Ziya Məmmədovun müşaviri təyin olunub. Bundan əvvəl isə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində işləyib.Rövşən Əhmədov 2013-cü ilin axırlarına kimi Çingiz Baxşıyevin rəis olduğu xidmətdə işləyib. Çingiz Baxşıyev şikayət ərizəsində özünə məxsus olan təmxinən 50 kiloqram qızıl zinət əşyasının qohumu Rövşən Əhmədov tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib. O qeyd edib ki, həmin qızılların 800 min dollar dəyəri olub. Çingiz Baxşıyev bir neçə ay öncə nəqliyyat nazirinin müşaviri vəzifəsindən çıxarılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...