"Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda ittiham olunan Elşən Hüseynovun məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham elan edilib.
İttihamın mahiyyəti barədə əvvəlki yazımızda məlumat vermişdik. Qısa olaraq xatırladaq ki, E.Hüseynov Əli Şərbətovu öldürmək istəsə də, cinayət planı yarımçıq qalıb. Lakin o, məscidin xidmətçisi Rəsul Həsənlini bıçaqlayaraq ağır xəsarət yetirib. Bundan sonra Hüseynov həbs edilib.
Bu gün təqsirləndirilən şəxs hakim qarşısında sərbəst ifadə verib.
E.Hüseynov ittihamın mahiyyətinin ona aydın olduğunu, lakin özünü elan olunan ittihamlarla təqsirli bilmədiyini deyib. O, ifadəsində deyib ki, ötən ilin yay aylarında "Məşədi Dadaş” məscidinə gedib, məscidin axundu Əli Şərbətovla görüşüb danışmaq istəyib: "İlk dəfə görüşüb üç-beş dəqiqə danışdım. Heç bir problem olmadı. Bir ay keçdikdən sonra bir məsələ ilə bağlı yenidən görüşmək üçün axundun yanına getdim. Məsciddə qeyri-rəsmi təhlükəsizlik xidmətində çalışan Rəsul Həsənli qarşıma keçdi, dedi ki, axund yoxdur. Mən də geri qayıtdım. Bu hal bir neçə dəfə təkrar olundu. Dörd - beş ay ərzində hər dəfə axundla görüşmək istəyəndə maneə yaradırdı”.
Əli Şərbətov
İfadəsinin davamında E.Hüseynov Allah tərəfindən imam təyin edildiyini, bununla bağlı da axundla danışmaq istədiyini deyib: "Mən zamanında Allah tərəfindən imam təyin olunmuşam. 2020-ci ilin martın 15-i, ya da 17-si gecə qulağıma səs gəldi. Mənə dedilər ki, bütün günahlarım bağışlandı, sən imam təyin edilirsən.
"Məşədi Dadaş” məscidinə get, orada səni gözləyirlər. Ona görə mən də bu barədə axundla danışmaq istədim. Rəsula gəlincə isə onu tanımamışam. Sadəcə axundla danışmaq üçün qarşımı kəsdiyinə görə onu vurmuşam”.
Hakim sonda qeyd edib ki, əgər ittihamlar təsdiqini taparsa, E.Hüseynova 20 ilə qədər cəza təyin edilə bilər.
Məhkəmə prosesi oktyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan edilib.
Digər xəbərlər
loading...