Azərbaycan Prezidenti İlham Əliyev Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
MilliYol.az xəbər verir ki, sərəncamda deyilir:
Cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.
Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, habelə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etsin;
1.3. fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etsin;
1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.