Milli Məclisin keçmiş sədri Oqtay Əsədovdan uzun müddətdir xəbər yoxdur. Milli Məclisin sədri kürsüsündən sıravi deputat kreslosuna düşürülən Oqtay Əsədov parlamentin iclaslarında da gözə dəymirdi.
Modern.az Oqtay Əsədovun hazırda harada olduğunu öyrənməyə çalışıb.
Əsədova yaxın deputatlardan əldə olunan məlumata görə, o, hazırda Azərbaycanda deyil. Onun indi Türkiyədə olduğu bildirilib. Amma ora nə məqsədlə gedib, nə vaxt geri dönəcək, bu gediş həmişəlikdir ya yox, keçmiş həmkarları heç nə bilmirlər. Hətta onun telefon nömrələrini də dəyişdiyi, deputatların zənginə belə cavab vermədiyi qeyd edilib.
Əsədovun köməkçisi də onunla bağlı suallara cavab verə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb. 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisin deputat mandatı qazansa da, sədr postuna seçilməyib. Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında İdarə Heyətinə də düşməyib. Həmçinin 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyib.
Oqtay Əsədov hazırda yalnız Azərbaycan Tennis Federasiyasına başçısılıq edir. Onun Azərbaycan, Rusiya, Türkiyə və Böyük Britaniyada biznesinin olduğu iddia edilir.