73 kq çəki dərəcəsində yer alan idmançı Paris Olimpiadasının finalında fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanan Hidayət Heydərov uğurunun sirrini çox çalışmaqda, məqsədli olmaqda gördüyünü bildirib.
MilliYol.az xəbər verir ki, olimpiya çempionu bu barədə modern.az-a danışıb.
"Çox çalışan insan hər zaman hədəfinə çatır", deyə Heydərov bildirib.
Hidayət Heydərov cüdoda 3 amilin – ağıl, taktika və gücün önəmli olduğunu vurğulayıb.
1997-ci ildə Göyçayda anadan olan Hidayət, həmçinin dünya və dördqat Avropa çempionudur. O, 6 yaşından cüdo ilə məşğul olur.
Cüdoçu hər zaman yarışlara psixoloji cəhətdən hazır olduğunu və psixoloq yardımından istiafdə etmədiyini deyir. “Güclü olandan sonra fərqi yoxdur, 10 psixoloq da gəlsə, əgər qorxursansa, yenə qorxacaqsan. İdmanda güc və taktika çox önəmlidir. Xüsusilə də, cüdoda döşəyə çıxdınsa, 3 saniyəyə qələbə ola bilər”, - cüdoçu qələbəsinin sirlərini belə izah edir.
Hidayət ilk qələbəsini 2012-ci ildə qazanıb. Növbəti illərdə ard-arda qazandığı uğurlar onu Paris Olimpiadasının finalına qədər gətirib.
Cüdoçumuz 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır: "Gündə iki dəfə - səhər saat 8-dən 10-a kimi və axşam saat 5-dən 8-ə kimi cüdo ilə məşğul oluram. Bu, mənim həyatımın bir parçasına çevrilib".
O, ailəsinin, həyat yoldaşının və dostlarının dəstəyini daim hiss etdiyini bildirib: “Qələbədə hər birinin ayrıca payı var”.
Hidayət finaldakı fransalı rəqibi Con Benjamin Qabadan da söz açıb. O, yarışın həlledici mərhələsinə qədər döyüşdüyü idmançıları əvvəllər məğlub etdiyini, fransalı cüdoçu ilə ilk dəfə qarşılaşdığını vurğulayıb: "Finalda onu gözləmirdim, qələbədən sonra onu öpüb təşəkkür etdim. Bu jestim onun da xoşuna gəldi".
Hidayət finalda atdığı fəndi həmin yarışadək heç vaxt istifadə etmədiyini deyib.
Qeyd edək ki, fransalı idmançı mətbuata verdiyi müsahibədə Hidayət Heydərovun çox güclü olduğunu etiraf etmişdi. "Hidayət çox güclüdür. Bu qələbə münasibətilə onu təbrik edirəm", deyə o, fransalı jurnalislərə açıqlamasında deyib.
Hədiddən artıq təvazökarlığı və sadəliyi ilə diqqət çəkən Hidayət qələbəsinə görə çox sevindiyini desə də, daim bu barədə danışmağa üstünlük vermir. O düşünür ki, Parisdəki qələbəsinə çox fokuslanmaq onu fikrindən yayındıra və Los Ancelesdəki yarışa qədər arxayınlaşdıra bilər. Hidayət 2028-ci ildə də Olimpiya çempionu olmağı hədəfləyir.
Deyir ki, Bakıya döndükdən sonra ona münasibət dəyişib. Bu, onu çox təəccübləndirir. Çünki özünü zərrəcə dəyişmədiyini, ətrafının isə ona qarşı fərqli baxışını bir az da qəbul edə bilmir. Onun fikrincə, heç nə dəyişməyib. Və bu qələbəni, çempion olmağı gözləyirmiş.
Dünya çempionu olanda göz yaşlarını gizlədə bilməyən qəhrəmanımız olimpiya çempionluğunda sakit qalmsını belə izah edib ki, o, 6 il ard-arda dünya çempionluğu uğrunda mübarizə aparıb və uduzub. O zirvəni əldə etdikdə özünü tuta bilməyib.
Hidayət Heydərov tatamini tərk etdikdən sonra ilk təbrikin ona Prezident İlham Əliyevin tərəfindən gəldiyini və bundan çox məmnun olduğunu bildirib.
O, dövlət başçısı ilə görüşdən də xoş təəssüratlarla ayrıldığını vurğulayıb. Prezidentin sərənacamı ilə Hidayət “Şöhrət” ordeni ilə təltif edilib. Ona 600 min manat mükafat təqdim edilib.
Olimpiya çempionu gənc cüdoçularımıza məqsədli olmağı, çox çalışmağı, uduzanda həvəsdən düşməməyi məsləhət görüb.