Bəzi kəndlərdə ya tibb məntəqəsi yoxdur, ya da adı olsa da heçbir şəraiti yoxdur.
Səhhətində qəfil problem yaranan sakinlər ilkin tibbi yardım almaq üçün ya rayon mərkəzinə, ya da tibb məntəqəsi olan başqa kəndə getməli olurlar. Tibb məntəqəsi olan kəndlərdə də vəziyyət ürəkaçan deyil. Bir çoxunda hələ də normal tibbi yardım üçün şərait yoxdur.
Tovuzun Yuxarı Öysüzlü və Ağdam kəndlərində olan məntəqələrin də təmirə ehtiyacı var.
Bənzər problemlər Qax-Zaqatala bölgəsində olan kəndlərdə də yaşanır. Rayon sakinləri kənddən kilometrlərlə aralıda olan tibb məntəqələrinə müraciət etməli olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, tibb məntəqələri müraciətlər əsasında aparılan monitorinqlərin nəticəsinə əsasən yaradılır. Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciət daxil olduqda, nazirlik prosedurlara uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu göndərir. Sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparırlar.
Monitorinqin nəticəsinə əsasən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Maliyyə vəsaiti ayrıldıqda isə müəssisənin inşası və ya əsaslı təmiri həyata keçirilir.//Xəzər TV