Araz çayı Ermənistan ərazisindən həm atom elektrik stansiyası, həm də zavodların tullantıları ilə çirklənməyə məruz qalır.
Bu sözləri Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən konfrans zamanı qeyd edib. Baş prokuror deyib ki, ermənistan tərəfindən Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir.
Baş prokuror deyib ki, Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub və nəticədə ölkəmizin bəzi su ehtiyatları yararsız vəziyyətə gətirilib. Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qalıb.
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli isə qeyd edib ki, Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də "Şir arxı"na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv olub.
Baş Prokurorluğun idarə rəisi Elnur Musayev isə bildirib ki, Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir.
İdarə rəisi qeyd edib ki, prokurorluq orqanlarında artıq ətraf mühitin qorunması sahəsində ixtisaslaşma sürətlə davam edir. Bu da ekoloji hüquqpozmaların ciddi nəzarət altında olduğu deməkdir.//Xəzər TV