Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir.
MilliYol.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Milli Məclisin 1, 2, 3, 4, 5 və 6-cı çağırış deputatı olmuş və yenidən 125 saylı dairədən namizədliyini irəli sürən, biznesmen-deputat İmamverdi İsmayılov bu dəfə də qalmaqalla üzləşib.
Əldə etdiyimiz məlumata görə, İmamverdi İsmayılovun Sumqayıt şəhərində Qubadlı və Zəngilan rayonundan olan ziyalılarla görüş zamanı onlara pul verməsi ciddi narazılığa səbəb olub. Ziyalıların bir çoxu İmamverdi İsmayılova bildirib ki, belə bir addım atması səhv hərəkədir.
Məlumata görə, İmamverdi İsmayılovun ziyalılara vermək istədiyi paketlərin hər birində 1000 manat olub. Deputat mandatından biznesini böyütmək üçün istifadə edən İmamverdi İsmayılov Qubadlı və Zəngilan ziyalılarına rüşvət verməklə onların qəzəbinə səbəb olub.
Bundan başqa İmamverdi İsmayılov dairəsindən olan seçicilərə bildirib ki, iqtidarın yuxarı dairələrim ilə razılaşıb və gələcəkdə Zəngilan və Qubadlı rayonlarında bəzi biznes işləri həyata keçirəcək, onları işlə təmin edəcək.
Onu da qeyd edək ki, İmamverdi İsmayılov Milli Məclisin ən varlı və "lal" deputatları siyahısndadır. Onun Sumqayıt şəhərində restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesi, Sumqayıt maşın bazarında payının olduğu deyilir. Deputatın ölkənin müxtəlif bölgələrində də biznes şənbəkəsi var.