Türkiyə-Azərbaycan Universiteti əvvəlki Bakı Ali Neft Məktəbinin binasına fəaliyyətə başlayacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev deyib.
Bildirilib ki, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər.
Qeyd edək ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalayıb.
Aprelin 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Türkiyə-Azərbaycan Universitetinə ilkin mərhələdə 100 tələbə qəbulu nəzərdə tutulub. Hər il qəbul planında 100-200 əlavə yer nəzərdə tutulub. Bu universitetdə təhsil ödənişsiz olacaq. Tədris ingilis və türk dillərində təşkil ediləcək.
Türkiyə-Azərbaycan Universitetinin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən seçiləcək. Onlar Azərbaycana mütəmadi gələcəklər.