Bakıda şikayət əsasında "MedAura" klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "MedAura" klinikasında yoxlama aparılıb.
Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.
"MedAura" klinikasının baş həkimi, ümumi cərrah Nigar Məhəmmədova nazirlik tərəfindən aparılan yoxlamaya etirazı olmadığını, nöqsanları aradan qaldıracaqlarını bildirib.
11 may 2024-cü il tarixində "MedAura" klinikasında M.P. adlı pasiyent üzərində göbək ətrafı lipoma cərrahi əməliyyat aparılmasına dair qərar verilsə də, sonradan əməliyyatın liposaksiya kimi icra olunduğu aşkar edilərək, cərrahi əməliyyat dayandırılıb.
Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 6.000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "MedAura" klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusifoğludur.
Xatırladaq ki, bir il əvvəl Lamiyə Kərimova adlı pasiyent "MedAura" klinikasında burun əməliyyatı etdirib. Lakin əməliyyat uğursuz alınıb. Əməliyyatın uğursuz olması ilə bağlı Lamiyə Kərimova klinikaya müraciət etsə də, heç bir nəticə olmadığını dilə gətirmişdi.
Digər xəbərlər
loading...