Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
"Report" un məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub. Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd olunur ki, Taleh Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.