Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilib.
MilliYol.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Eyni zamanda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Prezident "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"yə dəyişikliyi də təsdiqləyib.
Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə baxa biləcək.
Bundan başqa, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi də Şuranın fəaliyyət istiqamətlərinə əlavə olunan maddələrdə arasındadır.
Həmçinin Şura fəaliyyəti dövründə dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması ilə yanaşı, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verə biləcək.