Məhərrəmlikdə toy və nişan mərasimlərinin keçirilməsinin yolverilməz olduğu deyilir. İnsanlar illərdir ki, bu düşüncə ilə yaşayaraq, Məhərrəm ayında toy etməyin haram olduğunu zənn edirlər.
Maraqlıdır, bu fikri əsaslandıran hansısa dəlillər mövcuddurmu? İnsanlarda nə üçün belə bir qadağa formalaşıb?
Mövzu ilə bağlı Modern.az-a danışan Pirallahı Məscidinin imamı Hacı Mübariz Rəhimov bildirib ki, İslam dinində Məhərrəmlik ayında toy etmək qadağası yoxdur:
“Məsumlardan bizə tövsiyələr olub ki, bu ay da ehtiram və əza saxlayarlar. Bu baxımdan biz o yolu bu qayda ilə yaşadaraq, insanlara çatdırırıq. Dini inanclı insanlar Peyğəmbər balasına ehtiram olaraq toy etmirlər. Məhərrəmlikdə toy etmək, şənlik keçirmək kimi xüsusi olaraq bir qadağa və yaxud haramdır deyə belə bir şey yoxdur”.
İmamın sözlərinə görə, müasir dövrün din alimləri xüsusi olaraq qeyd etməyiblər ki, Məhərrəm ayında toy və ya şənlik keçirmək haramdır:
“Amma bu ay əza ayıdır, böyük müsibət olub, Həzrəti Məhəmmət peyğəmbərin nəvəsi İmam Hüseynə qarşı haqsızlıq olunub, heç bir müharibədə olmayan vəhşiliyi bu ayda onlara ediblər. İnsanlar o əzanı saxlayaraq, bu ayın ehtiramını qoruyurlar. Səfər ayının 20-si İmam Hüseynin (ə.s) qırxı başa çatır. Bizdə 10 gün əlavə, ümumilikdə 60 gün bu ayın əzası saxlanılır. Burada Peyğəmbərin və İmam Həsənin (ə.s) vəfatı var deyə, o günləri də ehtiram olaraq əza kimi saxlayırlar, toy etmirlər. İnsanların düşüncəsinə görə yaşlı nəsil daha diqqətli yanaşır bu məsələyə. Ona görə insanlar düşünür ki, Məhərrəm ayında toy etsə, haram iş görmüş olar. Alimlərimiz hədislərə əsasən söyləyirlər ki, bu əza aylarda toy şənlik edilsə Allah o işlərə xeyir bərəkət bəxş etməz”.