Rüşvət müqabilində qanunsuz qərardad çıxardığına görə 9 il azadlıqdan məhrum edilmiş məhkəmə hakimi İlyas Mahmudovun şikayətinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, eks-hakimin şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılıb.
İ.Mahmudov ittihamları qəbul etmədiyini, əsassız həbs edildiyini deyib. Müdafiə tərəfi çıxışlarında məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş ediblər.
Prokuror isə hökmün eynən qüvvədə saxlanılmasını tələb edib.
Məhkəmə tərəflərin çıxışlarını dinlədikdən sonra hökmdə hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.
Qərara əsasən, apellyasiya şikayəti rədd edilib. Artıq qərardan Ali Məhkəməyə kassasiya şikayəti də verilib.
Xatırladaq ki, İ.Mahmudov apellyasiya şikayətini istintaq təcridxanasında özü yazmışdı.
Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamlarla təqsirli bilinib.