Azərbaycan nazirlərinin bəzisi universiteti bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb, bəziləri də təhsillərini davam etdirib. Onların içərisində təhsil aldığı müddətdə işləyənləri də olub. Bəs Azərbaycan nazirləri əmək fəaliyyətinə harada başlayıb?
Valyuta.az Azərbaycan nazirlərinin ilk iş yerlərini təqdim edir:
Baş nazir - Əli Əsədov
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb.
Daxili işlər naziri - Vilayət Eyvazov
Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib.
Ekologiya və təbii sərvətlər naziri - Muxtar Babayev
1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.
Elm və təhsil naziri - Emin Əmrullayev
2005-2009-cu illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.
Energetika naziri - Pərviz Şahbazov
1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib kimi işləyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Babayev
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb.
Fövqəladə hallar naziri - Kəmaləddin Heydərov
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.
Gənclər və idman naziri - Fərid Qayıbov
2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.
Xarici işlər naziri - Ceyhun Bayramov
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub.
İqtisadiyyat naziri - Mikayıl Cabbarov
Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb.
Kənd təsərrüfatı naziri - Məcnun Məmmədov
Məcnun Məmmədov əmək fəaliyyətinə "AER" MMC-də başlayıb. 2010-2011-ci illərdə həmin qurumun direktoru olub.
Maliyyə naziri - Samir Şərifov
1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı kimi çalışıb.
Mədəniyyət naziri - Adil Kərimli
Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıb.
Müdafiə naziri - Zakir Həsənov
1985-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.
Müdafiə sənayesi naziri - Vüqar Mustafayev
Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev
1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində, Xarici əlaqələr şöbəsində çalışıb.
Səhiyyə naziri - Teymur Musayev
1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib.